Aprelin 25-i Bakı şəhər Nizami rayonu ərazisində yerləşən “Xudafərin” şadlıq sarayında baş vermiş dava-dalaşın əsl səbəbi üzə çıxıb.
Oxu.Az xəbər verir ki, məlum hadisə baş verən vaxt ərazi üzrə xidmətdə olan Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin təhqiqatçısı Rövşən Rəhimli Lent.az-a açıqlamasında bildirib ki, dava-dalaş kütləvi xarakter alsa da, hər hansı xəsarət alan olmayıb.
Polis zabiti əlavə edib ki, onlar şadlıq sarayına gələndə artıq sakitlik yaranıbmış:
“Hadisənin baş verməsinə səbəb sifariş edilmiş mahnı olub. Bəy gəlinin atasının sifariş verdiyi mahnıya etiraz edib. Bundan sonra daha çox şəxs narazılığa qoşulub. Olay böyüyüb, toy yarımçıq saxlanılıb. Amma sonra söz-söhbət yoluna qoyuldu, elə bəy də gəlinlə birgə evlərinə yola düşdülər”.
Təhqiqatçı qeyd edib ki, xəsarət alan olmadığından məsələ heç polis bölməsində də araşdırılmır:
“Bu, elə bir hadisə deyil ki, böyük araşdırma tələb etsin. Ona görə də sahə inspektorunun icraatına verilib. Yaxın günlərdə toyun videolenti təqdim olunacaq və ona baxdıqdan sonra məsələ tam aydınlaşacaq”.
Qeyd edək ki, şadlıq sarayına polis çağırıldığı üçün sifarişçilər məclisin pulunu ödəməkdən imtina ediblər. Sonra razılaşma əldə olunub, "Xudafərin" şadlıq sarayı pulun tam və ya qismən ödənilməsi barədə məlumat vermək istəməyib.
Onu da qeyd edək ki, gəlinin atası toyun keçirildiyi şadlıq evinin administratorudur.
11.15
Bakıda “Xudafərin” şadlıq sarayında keçirilən toy zamanı baş verən kütləvi davanın səbəbi məlum olub.
Oxu.Az xəbər verir ki, şadlıq evinin rəhbərliyindən AzVision.az-verilən məlumata görə, toy zamanı Sənan adlı bəy gəlini döymək istəyib.
Bu zaman qohumlar arasında mübahisə düşüb. Davanın mahnı üstündə düşdüyü məlum olub:
“Toyda çoxlu mahnı sifarişləri verilib. Bəylə gəlini də rəqsə dəvət ediblər. Bu zaman bəy oynamaq istəməyib. Gəlin isə rəqs etmək istəyib. Toydakı gənclərdən biri bəyə yaxınlaşıb, onun qulağına nəsə pıçıldayıb. Bu zaman bəy əsəbləşib. Yanında oturan gəlinə əl atıb. Gəlin də toydan qaçmaq istəyib. Bu zaman yeni qohumlar arasında mübahisə yaranıb. Hadisə ilə bağlı polisə xəbər verilib. Nizami Rayon Polis İdarəsinin əməkdaşları şadlıq evinə daxil olaraq, davanın qarşısını alıb”.
Şadlıq evindən verilən məlumata görə, bəyin saxlanılması haqda mətbuatda yayılan xəbərlər doğru deyil.
“Onların polis tərəfindən saxlanılması barədə yayılan xəbərlər yalandır. Toy bitdikdən sonra gecə bəylə-gəlin restoranı birgə tərk ediblər. Onların nikahları pozulmayıb. Yayılan xəbərlər dezinformasiyadır. Bəy-gəlin çox da imkanlı adamlar deyillər”.
E.Ə.
www.oxu.az