Dünən Xətai Rayon Polis İdarəsinin (RPİ) cinayət axtarışı şöbəsinin əməliyyatçıları “isti izlərlə” çox sadə sxemlə işləyən quldurların cinayətinin üstünü açıb və onların dəstəsini zərərsizləşdiriblər. Bu quldur dəstəsi öz qurbanlarını tələyə salmaq üçün gözəl bir qızdan – Bakının mərkəzində yerləşən, məşhur “Şamdan” gecə barının işçisindən istifadə edirmişlər.
Bu barədə Vesti.Az-a Xətai RPİ-dən bildiriblər.
Quldurların növbəti qurbanı Türkiyə vətəndaşı olub. 1972-ci il təvəllüdlü türk Selcin Yılmak gecə “Şamdan” barında istirahət etmək qərarına gəlib. Kişi özünə içki sifariş verib masa arxasında əyləşən kimi, barın işçisi ona yaxınlaşıb və birlikdə əyləşməyi təklif edib. Yəqin, həmin qızın seks sənayesinin nümayəndəsi olduğunu söyləmək artıqdır.
Türkü spritli içki ilə kefləndirən qız özü üçün faydalı məlumat toplamağ başlayıb və öyrənib ki, kişinin üstündə 5 000 manat pul var. Beş dəqiqəlik bayıra çıxacağını deyən qız əlbir olduğu şəxslərə zəng edərək, tapıntısı – üzərində 5 min pul olan Türkiyə vətəndaşı barədə məlumat verib. Dəstənin üzvləri bildiriblər ki, qızı Nobel prospektində “NZS” qəsəbəsinin yaxınlığında gözləyəcəklər.
Darıxan türkün yanına qayıdan qız ona unudulmaz kef bəxş edəcəyini bildirərək, türkü evinə dəvət edib. Təklifi qəbul edən kişi avtomobilə əyləşərək, zövq alacağı ümidilə qızın evinə yola düşüb.
Lakin onlar evə çata bilməyiblər, “NZS” qəsəbəsinin yaxınlığında iki gənc insan qarşılarını kəsərək, içkili Yılmakı döyüb, onun burnu və dodağını əzib, üzərində olan bütün pulları götürərək qaçıblar. Türkü yolun kənarında qoyan cinayətkarlar “uğurlu” işlərini paytaxtın gecə klublarından birində qeyd etmək üçün şəhərin mərkəzinə yola düşüblər.
Bu arada Selcin Yılmak 37-ci polis bölməsinə gələrək, hücum barədə məlumat verib.
Səhərə yaxın əməliyyatçılar dəstənin izinə düşüblər və onların hər üçünü ələ keçiriblər. Quldurlar 1986-cı il təvəllüdlü Gürcüstan vətəndaşı Şahanə Hacıyeva, 1984-cü il təvəllüdlü Azərbaycan vətəndaşları Əliyev Elgiz Elşad oğlu və 1988-ci il təvəllüdlü İslamov Ruslan Vaqif oğlu olublar.
Həbs olunan şəxslər barəsində cinayət işi qaldırılıb, istintaq davam edir.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin