Paytaxtın əksər məktəbəqədər təhsil müəssisələrində mart ayından başlayaraq suçiçəyi xəstəliyinə yoluxan uşaqların sayında kəskin artım müşahidə olunub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi isə poliklinkalar vasitəsi ilə məktəb və bağçalara xəbərdarlıq göndərib ki, uşaqlar hər gün tibbi nəzarətdə saxlanılsın və suçiçəyi rast gəlinən uşaqlar müvəqqəti olaraq təcrid edilsin.
Lakin paytaxtda 4 bağçaya baş çəksək də bizə içəridə çəkiliş aparılmasına icazə verilmədiyindən bağçalardakı vəziyyəti və nəzarətin hansı səviyyədə təmin olunduğunu öyrənə bilmədik.
Uşaq həkimi Arzu Əliyeva bildirir ki, məktəblilər üçün bu karantin müddəti 10 gün, bağça yaşlı uşaqlar üçünsə 21 gündür. Suçiçəyi tutan uşaqları isə ərazi həkimləri evlərə gedərək nəzarətdə saxlamalıdır.
5 saylı uşaq poliklinikasında son 4 ayda 200-dən çox suçiçəyi xəstəsi nəzarətə götürülüb.
Qeyd edək ki, suçiçəyinə tutulan xəstələrdə ilkin əlamətlər yüksək hərarət və bədəndə suluqlarla müşahidə olunan qırmızı səpkilərin yayılması, iştahanın və yuxunun pozulmasıdır. Suçiçəyi xəstəliyini keçirmiş hər bir uşaq ömürlük immunitet qazanır.
Hələ ki, Azərbaycanda bu xəstəliyə qarşı peyvənd yalnız özəl klinikalarda edilir. Dövlət hesablı klinikalarda isə suçiçəyi xəstəliyinə qarşı peyvənd təqvimində vaksinasiya yoxdur.
Respublikanın baş pediatrı Nəsib Quliyev isə bunu onunla əsaslandırır ki, suçiçəyinə qarşı peyvəndi aparmaq hələ ki vacib deyil, bu xəstəliklərə qarşı tətbiq olunan peyvəndlər təkmil deyil.