Bakıda Azadlıq prospekti 200/36 ünvanında yanan yaşayış binasında dinc sakinlər qalmaqdadır.
Oxu.Az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, qadın olduqları ehtimal edilən iki sakin binanın 1-ci və 4-cü bloklarının 15-ci mərtəbəsində pəncərədən ağ bayraq yelləyərək, binanı tərk edə bilmədiklərini xəbər veriblər.
Xilasedicilər onları xilas edə bilmirlər, belə ki, hələlik FHN xilasediciləri 6-7-ci mərtəbəyədək qalxa bilirlər.
Hazırda onların xilas edilməsi üzərində iş aparılır.
Əməkdaşımızın hadisə yerindən verdiyi məlumata görə, xilasedicilər insanların təxliyyə olunması üçün binanın damında helikopter meydançası quraşdırmağı müzakirə edirlər, belə ki, binada qalan sakinlərin dəm qazından zəhərlənərək ölmə ehtimalları var.
Hazırda yanğın tam olaraq söndürülməyib, üç FHN yanğınsöndürən maşını binanın söndürülməsi ilə məşğuldur.
Binanın üz tərəfi tam olaraq, arxa tərəfi isə yarıyadək yanıb.
İnsanları xilas etmək üçün hadisə yerinə qaldırıcı kran gətirilib.
Qaldırıcı kran insanları xilas edə bilmədiyi üçün hadisə yerinə helikopter cəlb olunub.
Helikopterdən 4-dək xilasedici kəndirlə binanın damına eniblər.