Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən 20 saylı binanın sakinləri antisanitar vəziyyətdən şikayət edirlər.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, binanın zirzəmisi çirkab və istilik sistemi suları ilə dolub. Ətrafa kəskin və dözülməz qoxu yayılır.
Sakinlərin sözlərinə görə, problem illərdir davam edir. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, vəziyyət dəyişməz olaraq qalır.
Binada 26 ildir yaşayan sakinlərdən biri bildirib ki, zirzəmidən yayılan kəskin qoxu onların gündəlik həyatına ciddi təsir göstərir.
Sakinlər zirzəmidə təkcə kanalizasiya və istilik sistemi sularının deyil, müxtəlif tullantıların da toplandığını deyirlər.
Onların iddiasına görə, aidiyyəti qurumların əməkdaşları əraziyə gəlsələr də, problemi həll etmədən oranı tərk edirlər.