Bakıda aparılan abadlıq işləri sahibsiz qadını küçələrə salıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Qaraçuxur qəsəbəsi, məhəllə 4048/60, bina 14-ün qarşısında əvvəl köşk olub.
Orada Lyudmila adlı qadın yaşayıb. Sonradan İcra Hakimiyyəti tərəfindən məhəllədə abadlıq işləri aparılıb və qadının köşkü də götürülüb. Nəticədə isə qadın hazırda oturacaqlarda gecələyir. Qadın deyir ki, qocalar evinə getmək istəmir, orada pensiya kartını əlindən alacaqlar.
Suraxanı rayon, 63 saylı Mənzil İstismar Sahəsinin rəisi Qalib Ağayev isə bildirdi ki, həmin qadınla bağlı sahə müvəkkilinə məlumat verilib. Polis onu qocalar evinə aparmaq istəsə də, qadın bundan imtina edib:
“Qadın qocalar evinə getmək isəmir. Gah deyir ki, onu orada iynə vurub öldürəcəklər, gah da pensiya kartının əlindən alınacağını səbəb gətirərək qocalar evindən imtina edir. Hər halda onun probleminin həlli üçün tədbir görüləcək” - deyə, MİS rəisi əlavə edib.