Bu gün Nərimanov rayonunda Bakı və Rusiyanın Həştərxan vilayətinin dostluğuna həsr olunmuş “Bakı və Həştərxan dostluq abidəsi”nin açılışı keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbiri Bakı meri H.Abutalıbov açaraq artıq qardaşlaşmış şəhərlər olan Bakı və Həştərxan arasında dostluq əməkdaşlığını yüksək qiymətləndirib.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin isə park və abidənin açılışına görə Azərbaycan prezidentinə, Nərimanov rayon İcra Hakimiyyətinə və onun başçısına təşəkkür edib.
A.Jilkin bildirib ki, Azərbaycan və Həştərxan arasında əməkdaşlıq fəal inkişaf edir.
O, Həştərxanda Heydər Əliyevin abidəsinin qoyulduğunu, H.Əliyev adına məktəb açıldığını və dostluq körpüsü inşa olunduğunu söyləyib. Dekabrın sonunda isə Azərbaycan prezidentinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda knyaz Vladimirin abidəsi ucaldılacaq.
Qeyd edək ki, açılış mərasimində Nərimanov rayon məktəblilərinin ifasında Azərbaycan və Rusiya rəqsləri təqdim olunub. Həmçinin, H.Abutalıbov və A.Jilkin tərəfindən parkda dostluq simvolu olan ağaclar əkilib.