Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda zolağını "bəyənməyən" avtobus: Boş yolda qayda pozmaq olar?
Paytaxtın mərkəzi küçələrindən birində hərəkət edən 18 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini xüsusi zolaqdan kənara çıxararaq ümumi hərəkət zolağı ilə idarə edib.
Oxu.Az xəbər verir ki, A.M.Şərifzadə küçəsi ilə hərəkətdə olan avtobusun videogörüntüsü sosial şəbəkədə paylaşılıb və geniş müzakirələrə səbəb olub.
Məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, avtobuslar təşkil edilmiş zolaqla hərəkət etməlidirlər.
"Manevretmə, geri dönmə və müxtəlif maneələrlə rastlaşdığı təqdirdə avtobuslar onlar üçün ayrılmış zolaqdan kənara çıxmaq məcburiyyətində qalırlar. Bu kimi hallar olmadığı təqdirdə avtobuslar təşkil edilmiş zolaqla hərəkət etməlidirlər. Bununla bağlı daşıyıcılarla iş aparılır. Onlara sürücülərin sərnişindaşıma və yol hərəkəti qaydalarına riayət etmələri ilə bağlı maarifləndirici söhbətlərin aparılması tapşırığı verilir", - deyə açıqlamada vurğulanıb.
Sorğumuzu həm də 18 nömrəli avtobusun məxsus olduğu daşıyıcı "Xaliq Faiqoğlu" şirkətinə ünvanladıq.
Daşıyıcı şirkətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülər səhər saat 7 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində lentə alınıb.
"Yolda nəqliyyat vasitələrinin çox seyrək olması, avtobusun digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadığı məlum olur. Bununla belə, sürücülərə, yoldakı şəraitdən asılı olmayaraq, günün bütün vaxtlarında xüsusi zolaqla hərəkət etməyin vacibliyi xatırladılıb və bununla bağlı tapşırıqlar verilib", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, "Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsinə əsasən, 5.9 (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) nişanı və 1.23 ("BUS" yazısı) nişanlanması ilə işarələnən zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Zolaq 1.1 bütöv nişanlanma xətti ilə digər hərəkət zolaqlarından ayrılmışdırsa, digər nəqliyyat vasitələrinin bu zolağa bütün hallarda daxil olması qadağandır.
Avtobus zolağına daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 cərimə balı tətbiq olunduğu halda, sərnişin avtobuslarının ümumi nəqliyyat vasitələrinə məxsus zolaqla hərəkət etməsinə görə 40 manat cərimə nəzərdə tutulur.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Yol kənarındakı ağaclar təhlükə yaradır: Qurumuş budaqlar niyə budanmır?
- Sənədsiz evlərin tükənməyən dərdi: Minlərlə insanın aqibəti necə olacaq?
- Daşkəsəndə tibb məntəqəsi yararsız vəziyyətdə: Damı uçub, palata yoxdur
- İsmayıllıda kanalizasiya xəttində QƏZA: Çirkab suları ətrafa yayılıb
- İsmayıllıda damı uçan vətəndaşa aidiyyəti qurumun cavabı: "Sığorta yoxdur deyə nəsə edə bilmirik"
Rəylər