Bakıda fəaliyyət göstərən 96 saylı körpələr evi-uşaq bağçasında istilik təminatı ilə bağlı problem yaranıb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Şikayətçi valideynin sözlərinə görə, bağçada istilik sistemi işləmir. Havaların soyumasına baxmayaraq, müəssisədə normal şərait yaradılmadığından uşaqların soyuq otaqlarda qalması, mövcud durumun azyaşlıların sağlamlığına mənfi təsir göstərəcəyi narahatlıq doğurur.
Bağça rəhbərliyinin verdiyi məlumata görə, istiliyin verilməməsinin səbəbi qaz sayğacının olmamasıdır. Bildirilib ki, sayğacı "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları sökərək aparıblar.
Oxu.Az-ın sorğusuna cavab olaraq "Azəriqaz"-dan bildirildi ki, məsələdən xəbərdardırlar.
"Prosedur qaydalarına uyğun olaraq işlər görülür. Yaxın zamanda sayğac bərpa olunacaq", - deyə məlumatda bildirilir.