Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakı-Ağstafa sürət qatarında pəncərənin yanına bilet alan sərnişin peşman oldu
Yanvarın 30-u Bakı-Ağstafa marşrutu üzrə hərəkət edən sürət elektrik qatarının pəncərəsində olan çatlar sərnişinin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-a məlumat verən sərnişin bildirib ki, səyahət anında mənzərə seyr etmək üçün pəncərə yanındakı yerdən bilet alıb, lakin yaranmış çatlar hazırda buna maneə yaradır, üstəlik, şüşənin qırılıb-tökülmək ehtimalı da yüksəkdir.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, qatara yanvarın 29-da hərəkətdə olarkən daş atılıb, nəticədə şüşədə sınıqlar yaranıb:
"Qatarın pəncərəsinə daş atılıb, sındırılıb. Qısa müddətdə problem aradan qaldırılacaq. Hazırda reysə buraxılan bu qatar hər hansı təhlükə yaratmır. Şüşə bir neçə qatdan ibarətdir. Qat-qat olduğu üçün bir qatında sınıq olsa da, dağılıb-tökülmür. Pəncərələr də İsveçrə şirkətinə məxsus olduğu üçün bahalıdır. Əfsus ki, maarifləndirmə işlərinə baxmayaraq, yenə də vətəndaşlar tərəfindən qatarlara hərəkət anında daş atılır. Nəzərinizə çatdırım ki, bütün qatarlar reysə buraxılmazdan öncə texniki yoxlanışdan keçir. Hərəkətə təhlükə yaradacaq texniki nasazlıq olarsa, heç bir halda xəttə buraxılmır".
O qeyd edib ki, qatar dövlət əmlakı olduğu üçün ona zərər vermək məsuliyyət yaradır:
"Qatarlar yolda olarkən daş atılıb sındırılır, çox vaxt da bu əməl uşaqlar tərəfindən törədilir. Polislər il ərzində belə neçə nəfəri aşkar edib, valideynlərini çağırıb, qanunvericiliyə uyğun tədbirlər görüblər. Qatar dövlət əmlakıdır. Ona zərər vurmaq dövlət əmlakında zərər vurmaq deməkdir. Bu da qanunvericiliyə görə məsuliyyət yaradan əməldir".
Aygün Mirakif
"Bakı-Ağstafa-Bakı qatarları" teqi üzrə xəbərlər
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- Qatar biletləri bahalaşıb? - ADY-dən AÇIQLAMA
- ADY COP29 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Rəylər