Oktyabrın 28-də Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal və Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərindəki bir sıra transformator məntəqələrində, eləcə də Sabunçu RETSİ-nə daxil olan 6 kV-luq hava xəttində təmir işləri görüləcək. Həmçinin Qaradağ RETSİ-nin ərazisində yeni Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılacaq.
Təmir işləri ilə əlaqədar aşağıdakı ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq:
- Yasamal rayonu: Saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Muradov, Əsəd Əhmədov, İsfəndiyar Zülalov, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Murtuza Muxtarov və Şamil Əzizbəyov küçələrində, Azərbaycan prospektində, eləcə də Yeni Yasamalın 1 və 2-ci yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
- Nəsimi rayonu: Saat 10:00-dan 12:00-dək Rasim Səfərov küçəsində və 3-cü Alatava yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
- Sabunçu rayonu: Saat 10:00-dan 14:00-dək Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
- Qaradağ rayonu: Saat 10:00-dan 13:00-dək Lökbatan qəsəbəsinin 1-ci və 2-ci massivlərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Qeyd edilib ki, təmir və quraşdırma işləri elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan yük tələbatını qarşılamaq məqsədi daşıyır.