Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında dünən törədilmiş qətl Azərbaycan ictimaiyyətini dəhşətə gətirdi. Hava limanında Ordubad rayonunun Nusnus kəndinin sakini Əhmədov Alim Ehtiram oğlu 32 bıçaq zərbəsi ilə qətlə yetirildi.
Azərbaycan DİN-nin mətbuat xidmətinin məlumatına görə, qətl dünən, 38 yaşlı Musayev Sahib Yunis oğlu tərəfindən, tanışı, Ordubad rayon sakini Həsən Əhmədova məxsus “VAZ-2106” markalı avtomobildə törədilib. Bildirilir ki, qətldən sonra Musayev elə həmin avtomobildə öldürülmüş şəxsin cəsədini Nərimanov Rayon Polis İdarəsinə gətirərək, təslim olub.
Vesti.Az qətlin təfərrüatları barədə artıq məlumat vermişdi. Bu gün isə faktla bağlı yeni təfərrüatlar ortaya çıxıb. Qeyd edək ki, Sahib Musayev qaydasız döyüş üzrə idman ustası, 44 yaşlı Musa Musayevin kiçik qardaşıdır. O hətta Bakıda qaydasız döyüş məktəbi də təşkil edib. KİV-də onun barəsində məlumat verilməsə də, Musa Musayev idman dünyasında kifayət qədər nüfuzlu insandır.
Xatırladaq ki, Əhmədovu öldürən Musayev qardaşı, ötən il noyabrın 25-də, cümə günü Moskvada. Novqorod küçəsində güllələnmiş Natiq Musayevin qisasını alıb. O zaman killer onu yaşadığı yerdə gözləyib. Natiq Musayev 15-ci mərtəbədə liftdən çıxarkən cinayətkar üç dəfə onun başına atəş açıb. Öldürülmüş Natiq Musayev Moskvada geyim mağazaları şəbəkəsinə sahib olub.
Bundan sonra şənbə günü Musayevin yaxınları öldürülmüş şəxsi yad etmək üçün “Zimnyaya veranda” restoranında toplaşıblar. Çay sifariş verərək, onları narahat etməməyi xahiş ediblər. Təxminən saat 18:00 radələrində Musayevin qohumları, 50 yaşlı Şirin Hümbətov və onun bacısı oğlu Şahin Nağıyev restorana gəliblər. Bir saatdan sonra Ş.Hümbətov onu söhbət etmək üçün bayıra çağırmış naməlum kişi tərəfindən alından 2 güllə ilə qətlə yetirilib, onun 48 yaşlı bacısı oğlu Şahin Nağıyev isə sinəsindən yaralanıb. Hümbətov Moskvadakı Azərbaycan diasporasında tanınmış adam olub və əsasən Riqa bazarına nəzarət edirmiş.
Qatil hadisə yerindən qaçıb. Kafedə qətllə bağlı cinayət işi qaldırılsa da, elə Natiq Musayevin qətli kimi həmin qətlin də üstü açılmır.
Musa və Sahib Musayev qardaşları özləri üçün müəyyənləşdirirlər ki, qohumlarının qatili, daha doğrusu sifarişçisi o zamanlar Natiq Musayevin biznes ortağı olan Alim Əhmədovdur.
Onların fikrincə Alim Əhmədovun digər qardaşlarının ölümündə də əli olub. İki il əvvəl Moskva xəstəxanasında Musayevlərin daha bir doğma qardaşı dünyasını dəyişib. Təəssüf ki, onun adı bəlli deyil. Lakin Bakı şəhəri Baş Polis İdarəsindən bildiriblər ki, saxlanılmış Sahib Musayev qardaşının hansısa dərmanın ölümcül dozasının vurulması nəticəsində öldürüldüyünü bildirib. Guya Əhmədov işi elə qurub ki, Musa xəstəlikdən ölsün.
Tərəfdaşlarını aradan götürməkdə məqsəd onların biznesinə yiyələnmək olub. Bu hadisələrdən dərhal sonra Əhmədov gizlənib. O, Musayevlər tərəfindən axtarıldığını bilərək, müxtəlif ölkələrdə gizlənib. Musayevlər onu tapmaq üçün hətta Birləşmiş Ərəb Əmirliklərinə də gediblər.
Lakin dünən təsadüfən Sahib Musayev Bakının hava limanında Əhmədovla qarşılaşıb. Tale onları saat 2-də yola düşən Bakı-Naxçıvan aviareysinə bilet alarkən qarşılaşdırıb.
Əhmədovun Naxçıvana səfərinin məqsədi məlum deyil. Amma Musayev dünən vəfat etmiş anasının dəfn mərasiminə uçurmuş...
www.vesti.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin