Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Əsədov sosial şəbəkələrdə yayılmış “avtoş”un DYP əməkdaşı ilə necə qaçdı-qovdu oynadığı görüntüləri ilə bağlı açıqlama verib.
Vaqif Əsədov Oxu.Az-a bildirib ki, bununla bağlı araşdırma aparılacaq və sürücü məsuliyyətə cəlb olunacaq:
“Təbii ki, avtomobili yüksək sürətlə idarə edən, təhlükəli manevrlə YPX əməkdaşından yayınmağa çalışan sürücü, yol polisi tərəfindən təqdim edilmiş raport əsasında mütləq tapılıb məsuliyyətə cəlb olunacaq. Sürücünün bu əməllərinin texniki vasitə ilə yayılması sürücünün aşkar edilib məsuliyyətə cəlb olunmasına əsas verir”.
V.Əsədov qeyd edib ki, sürücü avtoxuliqanlıq əlamətlərinə yaxın xəta törədib:
“Süjetdən sürücünün təhlükəli manevrlər etməsi, avtomobili sürətlə idarəsi və avtoxuliqanlıq əlamətləri olan xətaları törətdiyi görünür”.
BDYP-nin şöbə rəisi gənclərə yayımlanan video ilə bağlı çağırış edib:
“Bu, ölmək deməkdir, bunun kimi hallar sürücünün məsuliyyətə cəlb edilməsinə əsas verir. Yol polisinin “saxla” əmrinə tabe olmayan sürücünün məqsədi nədir? Bu, qəhrəmanlıq deyil, ağılsızlıqdır. Avtoxuliqanlıq əməllərini internetdə yaymaqla sürücü özünü qəhrəman hesab edir, amma onun qəhrəmanlığını bu törətdiyi əməli ilə əlaqədar aldığı cəzada görəcəksiniz. Bu gün internetdə qəhrəmanlıq edən sürücünü sabah məhkəmə qarşısında görsəniz dəhşətə gələrsiniz”.
16:34
Sosial şəbəkələrdə “avtoş”un DYP əməkdaşı ilə necə qaçdı-qovdu oynadığı görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, Bakının Nəsimi rayonu ərazisində sürücüsü məlum olmayan avtomobil, 10 YP 530 dövlət nömrə nişanlı “BMW” markalı avtomobildə olan DYP əməkdaşları tərəfindən “saxla” əmrinə tabe olmayaraq qaçıb.
Avtomobilin sürücüsü çox sayda yol qayda pozuntusu törədərək onu təqib edən DYP avtomobilindən qaçmağa müvəffəq olub.
Sürücü bu cür “qəhrəmanlığı” lentə almaq qərarına gəlib və yaymağa başlayıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 296-1. maddəsinə əsasən avtoxuliqanlığa görə nəqliyyat vasitələrini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Elvin Əhmədov
www.oxu.az