Paytaxtın mərkəzi küçələrindən birində “Qırmızı kitab”a düşmüş ağac kimlərsə tərəfindən qəsdən məhv edilir.
Oxu.Az xəzərxəbər-ə istinadən məlumat verir ki, söhbət Səbail rayonu Nizami küçəsində yerləşən xan çinarından gedir.
Ağacın qurudulması üçün gövdəsində deşik açıblar. Hələ bu azmış kimi, həmin deşiklərə ağacın qurumasını təmin edəcək maye də töküblər.
Ağacın gövdəsinin deşilməsi isə artıq yavaş-yavaş öz nəticəsini verməyə başlayıb. Yarpaqları solan ağac qurumağa doğru gedir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə məsələ ilə bağlı artıq araşdırmalara başlayıb. Nazirlikdən bildirilib ki, həmin ərazidə çoxillik xüsusi görkəmə malik xan çinarı məqsədli şəkildə müxtəlif üsullarla qurutmağa çalışırlar. Bu hadisəni törədənlərin cəzalandırılması istiqamətində iş aparılır.
Nazirliyin sektor müdiri Fəxrəddin İsgəndərovun sözlərinə görə, ağacın qurumaması istiqamətində də işlər görülür. Əgər ağacın quruması öz təsdiqini taparsa, bu zaman yaşıllığa dəymiş ziyana görə hadisəni törədən şəxs əlavə 2500 manat cərimə olunacaq.
E.Ə.
www.oxu.az