Xəbər verdiyimiz kimi dünən Bakının mərkəzində Dədə Qorqud parkının açılışı baş tutub.
Oxu.Az-ın məlumatına görə, açılış mərasimində Azərbaycanın prezidenti İlham Əliyev də iştirak edib.
Açılış mərasimindən sonra İlham Əliyev və mərasim iştirakçıları Dədə Qorqud parkında yaradılan süni gölə də baxıblar.
İki hektar sahəsi olan gölün tikintisi və onun mühəndislik həlli bütövlükdə xarici mütəxəssislər tərəfindən layihələndirilib.
Gölün inşası zamanı bu sahədə ən son nailiyyətlər tətbiq edilmişdir. On min kvadratmetrə yaxın əraziyə təbii yaşıl örtük döşənmişdir.
Parka istirahətə gələnlər xüsusi qayıqlarla gəzintiyə çıxa biləcəklər. Bunun üçün iki liman inşa edilmişdir.
Bundan əlavə, süni şəlalənin alt hissəsində, habelə xüsusi su bitkiləri üçün nəzərdə tutulan kiçik körfəzin üzərində gəzinti üçün körpülər inşa olunmuşdur. Ümumilikdə gölün iki yerində xüsusi su bitkiləri ilə örtüləcək kiçik körfəzlər yaradılmışdır.
Ümumi su tutumu 25 min kubmetrə yaxın olan göl üçün əlavə olaraq 1200 kubmetr tutumu olan yeraltı ehtiyat hovuz inşa edilmişdir. İdarəolunma nəzarət otağından həyata keçirilir.
Burada quraşdırılan xüsusi monitorlar vasitəsilə həm gölün texniki stansiyasında baş verən prosesləri, həm də onun altındakı geotermal sistemin fəaliyyətini müşahidə etmək mümkündür.
Parka istirahətə gələnlər monitorlarda əks olunan məlumatları canlı izləyə biləcəklər.