Bakının Nərimanov rayonunda vətəndaş öz hərəkəti ilə hər kəsi heyran edib.
Oxu.Az xəbər verir ki, “Montin” kimi tanınan ərazidə, Yanvar Nəsirov küçəsində, 9 mərtəbəli binada yaşayan vətəndaşlardan biri öz mənzilini böyütmək məqsədilə binanın həyətyanı sahəsini zəbt edərək, özünə iki mərtəbəli iqamətgah tikib.
Binaya öz villasını birləşdirən vətəndaş hələ bu azmış kimi 9 mərtəbəli binanı da hasara alıb, darvaza və giriş qapısı qoyub. Düşünmək olar ki, tikilinin sahibi 9 mərtəbəli binanı özəlləşdirib, ürəyi istəyən kimi tikinti işləri aparıb, bütün məlum və naməlum texniki təhlükəsizlik qaydalarının pozulduğu isə göz önündədir.
Binanın həyətini zəbt edib villa tikən sakin qonşuları da həvəsləndirib.
Belə ki, qonşular da binanın həyətində əlavə tikinti işləri görməyə, eləcə də qaraj, bostan qurmağa başlayıblar.
Maraqlısı odur ki, Bakının ucqar yerlərində daşı daşın üstünə qoyub özünə bir daxma tikmək istəyən vətəndaşlarımızı görən səlahiyyətli şəxslər nədənsə, paytaxtın mərkəzində belə əlavə tikililəri görmürlər.
Əlavə edək ki, binaya bitişik tikilən iqamətgahın tikinti işləri artıq başa çatmaq üzrədir.
Qeyd edək ki, məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən və Mənzil Kommunal İstismar Birliyindən açıqlama verməyiblər.
Elvin Əhmədov
www.oxu.az