Bakı şəhərində qayda pozan sürücülər qanunlara və yol polisinə qalib gəlir. Bunu görmək üçün çox da uzağa getməyə lüzum yox.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Səbail rayonu ərazisində Lermontov küçəsinə baş çəkmək, yetər ki, sürücülərin qalibiyyətini görəsən. Mərkəzi küçədə dayanıb-durmanı qadağan edən yol nişanı olsa da, hər iki istiqamətdə avtomobillər saxlanıb.
Maraqlısı odur ki, əvvəllər atomobillər səkiyə paralel park edilirdi, indi isə perpendikuylar saxlanılır. Hələ bu azmış kimi ensiz küçədə ikinci xətdə də maşınlar dayanır.
Qanunsuz parklama edən sürücülər eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun əmrinə məhəl qomurlar. Bu il aprelin 17-də H.Abutalıbov "Bakı şəhəri ərazisində avtomobil duracaqlarının təşkil edilməsi haqqında" sərəncam imzalayıb.
Sərəncəma əsasən, Bakının küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar ləğv edilib. Lakin üstündən 6 ay keçsə də, paytaxt rəhbərliyinin sərəncamı icra olunmur.