Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakının mərkəzindəki "ölüm çuxuru": Niyə heç bir təhlükəsizlik tədbiri görülmür?
Son dövrlərdə Bakının küçə və prospektlərinin bir çoxunda yenidənqurma və təmir işləri aparılır. Bu, təbii ki, təqdirəlayiq haldır. Lakin təmir aparan qurumların işə başdansovdu yanaşması bəzi hallarda ciddi problemlərin yaranmasına səbəb olur.
Məsələn, paytaxtın Mirzəağa Əliyev küçəsində xeyli zamandır ki, təmir işləri aparılır. Eyni zamanda, yeraltı kommunikasiya xətləri yenilənir.
Ancaq hissə-hissə təmir edilən yolda heç bir təhlükəsizlik tədbirləri görülmür.
Bizim.Media-nın lentə aldığı fotolardan da açıq şəkildə görünür ki, təmir gedən ərazidə heç bir təhlükəsizlik tədbiri, xəbərdaredici lövhələr yoxdur. Əsas təhlükə doğuran məqam isə qeyd olunan küçədə qazılan çuxurun birbaşa döngədə yerləşməsidir. Belə ki, Səməd Vurğun küçəsində hərəkət edən avtomobillər Mirzəağa Əliyev küçəsinə dönmək istədikləri anda qarşılarına "sürpriz" çıxır.
Digər tərəfdən, sözügedən küçədə avtomobillər üçün yalnız bir hərəkət zolağı var, digər zolaq isə velosipedlər üçün ayrılıb. Lakin avtomobillər üçün ayrılan zolaqda sözügedən çuxurun qazılması səbəbindən, sürücülər velosiped yoluna daxil olmaq məcburiyyətində qalırlar. Bu isə həm qanun pozuntusu, həm də velosiped sürücüləri üçün təhlükəli vəziyyətin yaranması deməkdir.
Rəylər