Səhiyyə Nazirliyi Sanitar-Epidemioloji Stansiyasının rəhbərliyi dünən baş vermiş insidentdən sonra “Hyatt Regency” otelində hovuzun suyunun tam dəyişdirilməsi və orada dezinfeksiya işlərinin aparılması barədə xəbərə aydınlıq gətirib.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, dünən otelin hovuzunda iyrənc mənzərə yaranması barədə məlumat yayandan dərhal sonra Səhiyyə Nazirliyinin əməkdaşları ora gedərək qayda-qanun yaratmağa başlayıblar.
Halbuki otelin administrasiyası və fitnes-mərkəzin rəhbərliyi gün ərzində inadkarlıq göstərərək hovuzda dezinfeksiya işləri aparmaqdan imtina edirdilər. Nəticədə Sanitar-Epidemioloji Stansiyanın briqadası otelə gedərək hovuzda müvafiq normalar çərçivəsində dezinfeksiya işləri aparıb.
Sanitar-Epidemioloji Stansiyanın rəisinin müavini Vaqif Abdullayev virtualaz.org saytına bildirib ki, “Hyatt Regency” oteli sanitar-epidemioloji normaları pozduğuna görə cərimələnib.