Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası “Baku Boulevard Hotel”də ölüm hadisəsi ilə bağlı ittihamlara cavab verib.
Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Oxu.Az-a verilən məlumata görə, hadisə ilə bağlı zəng avqustun 23-də saat 22:06 qəbul edilib, həkimlər briqadası artıq saat 22:25-də hadisə yerinə çatıblar.
Stansiyadan bildiriblər ki, vətəndaşlar qeyd etdiyi kimi 40 dəqiqədən sonra yox, 19 dəqiqəyə təcili tibbi yardım briqadası otelə çatıb.
“Sadəcə belə bir hadisə baş verdikdə insanlar üçün bir dəqiqə üç dörd dəqiqə kimi görünür. MDB ölkələrində təcili yardımın çağırış yerinə çatması 20 dəqiqə təşkil edir. Bu, yoldan, vəziyyətdən asılıdır.
Hadisə zamanı keçinən şəxs 1966-cı il təvəllüdlü Firdovsi Verdiyevdir”- stansiyadan bildiriblər.
09:25
Bakının ən məşhur otellərindən olan “Baku Boulevard Hotel”də ölüm hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, AZXEBER.COM-un məlumatına görə, oteldə baş tutan nişan mərasimində iştirak edən qonaqlardan birinin səhhəti qəflətən pisləşib və o, yerə yıxılıb.
Otel işçiləri dərhal təcili tibbi yardımı hadisə yerinə çağırsa da, həkimlər 40 dəqiqə sonra otelə giriblər. Xəstəyə ilkin tibbi yardım göstərilsə də, onun həyatını qurtarmaq mümkün olmayıb.
Şahidlərin dediyinə görə, həkimlərin səhlənkarlığı və hadisə yerinə olduqca gec gəlmələrinə görə 48 yaşında olan kişi dünyasını dəyişib.
Oxu.Az hadisə yerindən videonu təqdim edir.

www.oxu.az