Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayon sakini Fuad Əsədullayevin (1976-cı il təv.) CM-nin 228.1 (qanunsuz olaraq odlu silah əldə etmə, satma və ya gəzdirmə) və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və ya satma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il oktyabrın 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında Binəqədi rayonunun Xocahəsən qəsəbəsində yaşayan Fuad Əsədullayevin evindən İtaliya istehsalı olan 1 ədəd “Parad-117” markalı tapança səs boğucusu ilə birgə tapılaraq götürülüb.
Bundan əlavə axtarış zamanı onun evindən 6 kiloqram qurudulmuş marixuana aşkar edilib.
İstintaqın gedişatında Fuad Əsədullayev ifadəsində bildirib ki, silahı bir neçə ildir ki, naməlum şəxsdən alıb və yaşadığı evdə saxlayıb, narkotik vasitəni isə yay aylarında həyətdəki dibçəklərə əkərək becərib.
Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu qeyd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Əsədullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxsin şikayəti əsasında işi araşdıran Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
C.H.
www.oxu.az