Paytaxtımızda yaranan tıxacın bir səbəbi artan maşın sayıdırsa, bura yollarda təmir işlərinin aparılması, sürücülərin qaydalara riayət və parkinqlərdən, dayancaqlardan istifadə etməməsi kimi halları da əlavə etmək olar.
Oxu.Az bildirir ki, “MBA LTD” Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov Mövqe.az-a bildirib ki, dayancaqların qiyməti investorların istəyindən asılıdır:
"İstəyirlər ki, qısa müddətdə qoyduqları investisiyanı çıxarsınlar. Amma qiyməti bazar tənzimləyir. Bazarda tələb varsa, qiymət artır. Amma ümumən orta qiymət avtomobil sahiblərinin ödəmə qabiliyyətinə nisbətən yüksəkdir. Avtomobil dayancaqlarının sayı artdıqca, burada qiymətlər də düşəcək. Bu gün həmin dayanacaqlar hər avtomobilə düşən kvadratmetrə görə azlıq təşkil edir. Dayanacaq sahibləri də bundan yararlanmaq istəyirlər”.
Ekspert bildirdi ki, tıxacların yaranmasına səbəb, həm də maşınların müəyyən olunmamış yerlərdə saxlanılmasıdır: "Çünki onda həmin küçənin buraxılış imkanları məhdudlaşır. Həmin ərazilərdə yeni dayanacaqların tikilməsi tıxacları 20% azalda bilər”.
Nüsrət İbrahimovun fikrincə, hazırda iş günü ərzində 9:00-19:00 arasında avtoparkın qiymətləri 1 manat təşkil etməlidir: "Amma gecə tarifi dəyişə bilər. Yaşayış massivlərində də qiymətlər yarım gün üçün 1 manat olmalıdır. Əgər ticarət mərkəzinin, gəzinti yerlərinin yaxınlığındadırsa, ilkin saatları pulsuz, həmin vaxtdan sonra isə aşağı qiymətə saat hesabı olmalıdır”.
Nəqliyyat məsələləri üzrə ekspert Seymur Yunusov isə dayanacaqların baha olmasının tərəfdarıdır:
"Bizdə Qərb ölkələrinə baxdıqda avtoparklar dəhşətli dərəcədə ucuzdur. Baha olmalıdır. Şəhərdə tıxacın qarşısını almaq üçün bütün dünyada tətbiq edilən metodlardan biri avtoparkların qiymətinin baha olmasıdır. Amma bunun üçün əhaliyə alternativ seçimlər təşkil edilir. İnsanlar o zaman iqtisadi səmərəlilik barədə düşünür. İşə ictimai nəqliyyatla getmək maşınla gedib-gəlməkdən daha ucuz başa gəlməlidir.
Yolda maşın saxlamağın cəzası daha yüksək olmalıdır. Dayanacağın qiyməti yüksək olmalıdır ki, vətəndaş normal ictimai nəqliyyata üstünlük versin”.