Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Eldar Əzizov 2000-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, 2003-2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, 2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2015-2018-ci illərdə Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Oxu.Az Bakının yeni merinin dosyesini təqdim edir:
Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən başlayaraq, Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb.
1980-ci ildə “Şərəf nişanı”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb.
1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun birinci katibi, 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifələrinə seçilib.
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilib, 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin martından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.
Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir, eyni zamanda, Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib. Ailəlidir, iki övladı var.
Bakının yeni meri kimdir? - DOSYE
Rəylər