“Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda zəlzələdən zərərçəkənlərə humanitar yardım toplanır”.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, səhər saatlarından etibarən sakinlərin konsulluğa axını davam edir.
Türkiyənin Naxçıvandakı Baş Konsulu Asip Kaya açıqlamasında bu çətin günlərin geridə qalacağına ümidvar olduğunu bildirib:
“Zəlzələ xəbəri eşidiləndən sonra bütün Naxçıvan sakinləri, başda Fuad Nəcəfli, Baş nazir və digər vəzifəli şəxslər baş konsulluğa və mənə zəng edərək başsağlığı verdilər. Buradan hər birinə ayrı-ayrı təşəkkürümü bildirirəm. Türkiyə tarixinin ən böyük zəlzələsi ilə qarşı-qarşıyayıq, beynəlxalq yardımlara ehtiyacımız var. Sosial şəbəkə hesablarımızdan həm bank hesablarımızı, həm də ehtiyac duyduğumuz ləvazimatların siyahısını paylaşdıq. Bu xəbərdən sonra naxçıvanlı qardaşlarımız lazım olan ləvazimatları buraya gətirməyə başlayıblar”.
Asip Kaya Baş konsulluğun ərazisində gətirilən ləvazimatların yığılması üçün kifayət qədər yer olmadığını vurğulayıb:
“Odur ki, sabahdan başqa bir yer deyə bilərik. Naxçıvanlı qardaşlarımızın da sayəsində ən qısa zamanda toplanan ləvazimatları Türkiyəyə göndərəcəyik. Yardım edən bütün qardaşlarımıza təşəkkür edirəm. İnşallah, başda Azərbaycan olmaqla, dostlarımızın dəstəyi ilə bu çətin günləri geridə qoyacağıq”.
14:08
Naxçıvan Muxtar Respublikasında Türkiyədə güclü zəlzələdən zərərçəkənlərə yardım toplanır.
“Report”un yerli bürosu xəbər verir ki, insanlar zəlzələ bölgəsinə isti geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalar göndərirlər.
Qeyd edək ki, Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərərçəkmiş insanlara yardım məqsədi ilə muxtar respublika sakinlərinə müraciət ünvanlayıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 432 nəfər ölüb, 21 103 nəfər yaralanıb. 5 775 bina dağılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
11:34
Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərərçəkənlərə yardımla bağlı muxtar respublika sakinlərinə müraciət edib.
Diplomatik nümayəndəlikdən bildirilib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara muxtar respublika sakinləri də yardım edə bilərlər.
Zəlzələ bölgəsində ehtiyac olan ləvazimatlar əsasən geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalardır.
Sözügedən ləvazimatların şəxsən və ya karqo yolu ilə Baş konsulluğa çatdırılması mümkündür.
Yardımlar Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 17 ünvanında toplanır.