Oxu.Az xəbər verir ki, xəstəxananın Doğum şöbəsinin baş həkimi Tünzalə Quliyeva AzNews.az-a açıqlamasında bildirib ki, uşaqların anası Aysel Qocayeva şöbəyə ağır vəziyyətdə daxil olub:
“Uşaqlar 32 həftəlikdir, yarımçıq doğulub. Bu səbəbdən uşaqların biri dünyasını dəyişib. İkinci uşaq da hazırda küvezdədir. Yarımçıq doğulduğundan uşağın ciyərlərində tənəffüs qeyri-normaldır. Ağciyərlərdə tənəffüs tam paylanmır”.
T.Quliyeva A.Qocayevanın hamiləlik dövründə xəstəxananın patologiya şöbəsində 2 dəfə müalicə aldığını vurğulayıb:
“Ananın dediyinə görə, kolbasa məmulatları yeyib və ondan zəhərlənib. Amma ailəsindən zəng edib bizə bildirdilər ki, Aysel hamiləliyin pozulması üçün dərman qəbul edib. Biz bunu dəqiqləşdirə bilmədik. Çünki ana bunu inkar edirdi.
Aysel də dərman içdiyinə görə açılış qorxusu vardı və bu səbəbdən xəstəxanada müalicə olunurdu. Həmin vaxt o, xəstəxanadan qaçdı. Biz onun qaçması ilə bağlı polisə məlumat verdik. Aradan bir az keçəndən sonra o, xəstəxanaya ağır vəziyyətdə gətirildi, həkim də kömək edib uşaqları doğuzdurdu”.
T.Quliyeva onu da əlavə edib ki, bu, A.Qocayevanın 3-cü hamiləliyidir.
Qeyd edək ki, Bərdə rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Qocayeva dünyaya əkiz uşaq gətirib. Onlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır.
11.50
Bərdədə yeni doğulan uşaq ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Qocayeva dünyaya əkiz uşaq gətirib.
Onlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır.
A.Qocayevanın yaxınlarının verdiyi məlumata görə, yeni doğulan körpələrdən biri qız, digəri oğlan olub. Ölən körpə oğlandır.
Ailə körpənin ölümündə xəstəxananın həkimlərini günahlandırır, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildiriblər.
Xəstəxanadan məsələyə münasibət bildirmək istəməyiblər.