Bakıda “London taksilərində” hicablı qadınların daşınmasına qadağanın tətbiqi barədə yayılan məlumatların heç bir əsası yoxdur.
Azərbaycan Xəbərlərinin məlumatına görə, bu barədə “London takislərinin” məxsus olduğu Baku Taxi MMC-nin rəhbəri İlqar Qasımov bildirib.
Onun sözlərinə görə, bu tipli təxribat xarakterli xəbərlər bir neçə ay əvvəldən yayılmağa başlayıb.
“Bu barədə xəbərlər təxminən 2 ay əvvəl yayılmağa başlayıb. Lakin bu məlumatların təxribat xarakterli və tamamilə cəfəngiyyat olduğunu nəzərə alıb, onları cavablandırmamaq qərarına gəldik. Lakin mətbuatda bu mövzu bir daha qaldırılıb. Axı biz nə üçün hicab geyinmiş qadını daşımaqdan imtina etməliyik? Baku Taxi MMC öz fəaliyyətini Nəqliyyat Nazirliyinin sərnişindaşıma qaydaları əsasında həyata keçirilir. O qaydalarda hicabla bağlı heç bir şey yoxdur” – deyə, o, vurğulayıb.
İ.Qasımovun bildirdiyinə görə, taksi sürücülərinin arasında da dinə bağlantıları olan insanlar az deyil:
“Sürücülər hansı məntiqlə hicab geyinmiş qadını aparmaqdan imtina etsinlər ki? Onların arasında da dinlə bağlı adamlar var, elə mən özüm də ibadətlərimi vaxtlı-vaxtında edirəm. Ona görə də, takislərdə hicab qadağası ilə bağlı yayılmış bütün xəbərlər cəfəngiyyatdır. “London taksilərində” irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsə xidmət göstərilir. Bizim taksilərdə hicab qadağası ilə bağlı heç bir qərarımız yoxdur”.
İlqar Qasımov həm də onu bildirib ki, Baku Taxi MMC müştəriləri qısa məsafəyə aparmaqdan imtina etmiş müştərilərlə bağlı mübarizəyə başlayıb:
“Bu sahədə müəyyən uğurlar var. Müştərilərə xidmətdən imtina edən sürücülər cəzalandırılıblar. Ola bilsin ki, taksi sürücüsünün qısa məsafəyə aparmaqdan imtina etdiyi qadın hicablı olub və bunu təxibat məqsədilə, bunu hicablı qadınların daşınmasına qadağa ilə əlaqələndiriblər. Bunu başqa şəkildə izah etmək mümkün deyil, çünki belə bir qadağanın olması ilə bağlı danışmaq ən azından gülüncdür”.
Qeyd edək ki, artıq bir müddətdir mətbuatda Bakıda fəaliyyət göstərən və xalq arasında “London taksisi” kimi tanınan taksilərdə guya hicablı qadınların daşınmasına qadağa olması barədə xəbərlər yayılıb.
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin