Hazırkı mərhələdə Ermənistan Silahlı Qüvvələrinin tərkibi və mövcud silahlar Azərbaycanın mümkün hücumuna davam gətirmək üçün kifayətdir.
Belə bir bəyanatla Ermənistanın müdafiə naziri Seyran Ohanyan çıxış edib.
Bununla yanaşı, o qeyd edib ki, Azərbaycanın hərbi xərclərinin artması erməni tərəfini çox narahat edir.
Nazirin hesablamalarına görə, müdafiə sahəsinə ayrılan vəsaitlər təkcə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda üstünlük almaq istəyindən çox kənara çıxır və artıq Azərbaycanın ciddi şəkildə müharibəyə hazırlaşmasından xəbər verir.
“Biz bundan xəbərdarıq və vəziyyəti diqqətlə izləyirik. Əlbəttə, biz silahlanma yarışına tam daxil olmuruq, lakin geridə də qalmırıq, öz müdafiə imkanlarımızı inkişaf etdiririk. Bu gün tərəflərin imkanları müqayisə oluna biləcək səviyyədədir” – deyə, nazir bildirib.
Bununla belə, Ohanyan büdcədən müdafiə sahəsinə daha çox vəsaitlərin ayrılmasının heç də pis olmayacağını bildirib.
“Biz hər bir qəpiyin xərclənməsinə böyük diqqət ayırırıq. Müasir silahların alınması prosesindən geri qalmamaq üçün başqa maliyyə mənbələri axtarıb tapırıq” – deyə, nazir vurğulayıb.
Bununla yanaşı, o, ölkəsinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının silahları ucuz qiymətlərlə alması üçün prosesdurların da olduğunu qeyd edib.
www.armtoday.info
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin