Biləsuvar rayonunda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) polis zabiti Sadıx Axundov məlumat verib.
O bildirib ki, hadisə Ələt-Astara magistralının 115-ci kilometrliyində - üzü Ələt istiqamətində baş verib:
"Hadisə zamanı Orxan Sehran oğlu Abdullanın idarə etdiyi 77-BV-862 dövlət nömrə nişanlı "KIA Rio" markalı avtomobil ilə Müsafir Abbas oğlu Rəsulovun idarə etdiyi 99-NX-312 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı avtomobil toqquşub.
Hadisənin baş verməsinə səbəb "KIA Rio" markalı avtomobilin yanlış manevr etməsi olub.
Qəza nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, xəsarət alan şəxslər ambulator müalicə üçün evə buraxılıb.
"Oktyabrın 16-sı saat 13:30-da Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin sınığı travması diaqnozu təyin olunub.
Pasiyentələrə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.
Aygün Mirakif