Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, Mədən 1, korpus 8 ünvanında yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsi ilə bağlı vətəndaş Gülsəhər Əmirovanın Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciəti daxil olub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Agentliyin mütəxəssisləri tərəfindən müraciət əsasında qeyd olunan ünvana baxış keçirilib:
"Müəyyən olunub ki, fərdi yaşayış evində inşa işlərinin tikinti norma və qaydalarına uyğun aparılmaması nəticəsində özüldə yaranmış problemlər səbəbindən ev qəzalı vəziyyətə düşüb.
Mütəxəssislərin rəyinə əsasən, fərdi yaşayış evində yaranmış vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur.
Baxışın nəticələrinə dair tərtib edilmiş 22 aprel 2026-cı il tarixli akt Agentliyin 24 aprel 2026-cı il tarixli müvafiq məktubu ilə vətəndaşa göndərilib".
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan ailə evlərinin qəzalı vəziyyətə düşməsindən şikayətçidir.
Baku TV-nin məlumatına görə, sakinlər təxminən üç il əvvəl üçotaqlı həyət evinə köçdüklərini bildirirlər. Lakin son bir ilyarım ərzində evin divarlarında ciddi çatlar yaranıb.
Bildirilir ki, çatlar ötən ilin aprel ayında yağan güclü yağışlardan sonra meydana çıxıb. Yağıntıdan sonra evin otaqlarından birində güclü səs eşidilib və daha sonra divarda çatların yarandığı aşkarlanıb. Hazırda bəzi hissələrdə divarın daşları belə aydın görünür.
Evin təhlükəli vəziyyətə düşməsi səbəbindən azyaşlı övladı olan ailə burada yaşamağı dayandırıb. Onlar başqa ünvanda kirayə mənzil tutaraq məskunlaşıblar. Ailə kirayə xərclərinin maddi baxımdan onlar üçün əlavə yük olduğunu bildirir.
Sakinlərin sözlərinə görə, problemlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Təxminən 6-7 ay əvvəl hər iki qurumun əməkdaşları ünvana baxış keçirərək evin fotoşəkillərini çəkiblər.
Ailəyə məsələnin araşdırılacağı və nəticə ilə bağlı məlumat veriləcəyi bildirilsə də, sakinlərin sözlərinə görə, indiyədək problemin həlli istiqamətində konkret tədbir görülməyib.
Ailə aidiyyəti qurumlardan evin vəziyyətinin araşdırılmasını və problemin həlli üçün tədbir görülməsini istəyir.