Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Bişey-mişey var?"
Kubra Məhərrəmova yazır...
Ata ola bilmədiyi üçün özünü 10-cu mərtəbədən atdı…
Maraqlı başlıqdır deyilmi? Sizcə belə bir hadisə ola bilərmi? Ya da, belə bir hadisə ilə rastlaşmısınızmı?
Yəqin ki, yox. Çünki cinsindən, dinindən, irqindən, siyasi görüşündən asılı olmayaraq insan həyatının bu cür bitməsi arzulanan deyil. İnsan yaşamalı, yaratmalıdır.
Dünən 30 yaşlı qadın özünü 12-ci mərtəbədən aşağı ataraq intihar edib. Səbəb isə uzun illər evli olmasına baxmayaraq dünyaya uşaq gətirə bilməməsi, bunun ardınca ərindən boşanması göstərilir. Qonşuları iddia edirlər ki, qadın ailədaxili təzyiqlərə məruz qalıbmış. Bütün bunlar qadına ağır mənəvi sarsıntı verib və nəticədə çıxış yolunu intiharda görüb.
Ağır dərddir. Bir valideyn üçün bundan ağır dərd ola bilməz. Övladın 30 yaşına çatsın və canına qıysın. Özü də dünyaya övlad gətirə bilməməsi səbəbindən...
Ümumiyyətlə bizim cəmiyyət üçün uğurlu insan olmağın əsas göstəricisi dünyaya uşaq gətirməkdir. Sən "Nobel" mükafatı ala bilərsən, Marsa uça bilərsən, dünyanın ən uğurlu iş adamı ola bilərsən, amma və lakin övladın yoxdursa, deməli uğursuz və bədbəxtsən.
İndi təsəvvür edin ki, həyatda heç bir fövqəladə həyat tərzi sürməyən, orta statistik azərbaycanlı qadın üçün övladının olmaması nə deməkdir?
Niyə? Çünki cəmiyyətin dünən toyu olan cütlükdən soruşduğu birinci sual "bişey-mişey var?" sualıdır. Gənc cütlüklər də çox vaxt utanaraq bu suala cavab verməyə çalışırlar. Təəssüflər olsun ki, cütlüklər hələ "cəmiyyətin" bu sualına "sənə nə var?!" cavabını vermirlər.
Bu cavabı vermədikcə, "bunun sizə dəxli yoxdur!" demədikcə "cəmiyyət" elə düşünür ki, başqasının yatağına, evinə, ailəsinə, mətbəxinə qarışmağa tam haqqı çatır. Elə belə də olmalıdır.
Əminəm ki, 30 yaşında həyatı ilə amanzsızcasına vidalaşan xanım evli olduğu müddətcə getdiyi bütün məclislərdə, ad günlərində, qonaqlıq və toylarda, hətta yas mərasimlərində belə 3-5 qarın doğan qadınlar tərəfindən rişxənd olunub, ona yazıq kimi baxılıb, hər məclisdən gələndən sonra ərinin, qayınata və qayınanasının tənələrinə məruz qalıb və bu həddə çatıb.
Bizdə axmaq ol, savadsız ol, dəli ol, amma övladsız olma.
Dünyanın bir sıra ölkələrində insanlar şüurlu şəkildə "child free" həyat tərzinə üstünlük verirlər.
Yəni dünyaya övlad gətirmirlər. Öz həyatlarını yaşayır, istədiklərini edirlər. "Cəmiyyətin" qohum-qonşunun hünəri nədir desin ki, "a bajı, bəs niyə doğmursan?". Adamın nəslini məhkəməyə verərlər. Hələ sürgünə də göndərərlər.
Uzun sözün qısası, yenə də ölən getdi. Cəmiyyətin heç vecinə də deyil ki, o qadın niyə öldü? Çünki elə sabahı gün özünə yeni "qurban" təyin edəcək. Yenə kiminsə qız-gəlinin müzakirə edəcək, doğmayan gəlinin qayınanasını dolduracaq ki, "bəs qonşuda qəşəng qız var, oğluna yaraşan, bunu boşatdır, onu al". Elə bir köhnə maşını, yenisi ilə əvəzləyir.
Və qayınana da oğlu evə axşam gələn kimi, qonşunun sütül qızını göstərəcək və "köhnə" arvadı boşatdırmaq uğrunda ilk addımı atacaq. Sonra qonşunun qızını da qız övladı doğduğu üçün boşatdıracaq... Sanki Çingiz xanın nəslindəndir, mütləq oğlan varisləri dünyaya gəlməlidir...
Küçəyə qız uşağına hamilə olduğu üçün atılan qadınlardan biri də 39 yaşlı Tahirə xanımdır. O bu barədə "Xəzər" TV-də yayımlanan verilişlərin birində danışıb. Hamiləlik zamanı ultrasəs müayinəsi zamanı qız uşağına hamilə olduğu ehtimal olunan qadın həyat yoldaşı tərəfindən küçəyə atılıb. Ərinin ailəsi də ondan üz döndərib.
Həyatın ironiyasına baxın ki, Tahirə xanım qız kimi gözlənilən körpəni dünyaya gətirəndə, körpənin oğlan olduğu məlum olub. Bəli, o dünyaya oğlan övladı gətirib. İndi Tahirə xanımın körpə övladına süni qida almağa belə imkanı yoxdur.
Bundan əlavə çarəsiz ana yaşadığı müxtəlif çətinliklərə görə iki azyaşlı uşağını da müvəqqəti olaraq sığınacağa yerləşdirib. İndi isə uşaqları geri almaq üçün dövlət qurumları ilə çətinlik yaşayır. Çünki Tahirə xanımın yaşadığı birotaqlı ev yataqxanada yerləşir və üç uşağın yaşaması üçün uyğun olmaması sosial işçilər tərəfindən müəyyən olunub. Hələ ki, uşaqları anaya qaytarmırlar. Məsələ qalıb Allahın ümidinə.
Əslində bu qəbildən olan hadisələri az qala hər gün müşahidə edirik. Sadəcə hər dəfə bu hadisələrdə qadınların daha çox əzilməsinin, daha çox şiddətə məruz qalmasının şahidi oluruq. Təəssüf hissi ilə bildirirəm ki, cəmiyyətin savadlanmağa çox ehtiyacı var. Oxumadan düzəlməyəcək.
Rəylər