Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
BNA rəsmisi: “Onların çalışdığı sahə nə dərəcədə həyati əhəmiyyətlidir?”
Ölkə ərazisində gücləndirilmiş karantin rejimi davam edir. Buna baxmayaraq, ictimai nəqliyyatdan istifadə edən vətəndaşların sayı artmaqdadır.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə sərnişinlər tərəfindən fotolar paylaşılır. Fotolarda istər müntəzəm marşrut xətti üzrə hərəkət edən, istərsə də xəttə buraxılan ekspress avtobuslarda sərnişin sıxlığının olduğunu görürük.
Niyə belə vəziyyət yaranır? Niyə hər gün avtobuslarda sərnişin sıxlığı müşahidə edilir? İnsanlar karantin qaydalarına laqeyd yanaşırlar?
Vətəndaşlar yaranan vəziyyətlə bağlı Bakı Nəqliyyat Agentliyini (BNA) qınayır. Bu səbəbdən BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev ilə əlaqə saxladıq.
M.Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, karantin rejimi üçün istismara buraxılan kifayət qədər ictimai nəqliyyat vasitəsi var:
“Müntəzəm marşrutlarla yanaşı, ekspress xətlər üzrə bu gün 100-ə yaxın avtobus sərnişinlərin xidmətindədir. Təxminən bir o qədər sayda avtobus da ehtiyat üçün metro stansiyalarına yaxın ərazidə var. Bu gün və ötən günlər səhər saatlarında sərnişin sıxlığının olması vətəndaşlarımızın özünütəcrid qaydalarına adekvat davranmaması ilə bağlıdır. Bir daha qeyd etmək istərdim, bu gün həyata keçirilən sərnişindaşımalar ənənəvi proses kimi qəbul olunmamalıdır.
Hazırda bütün digər sahələrdə olduğu kimi, sərnişindaşıma işi də xüsusi karantin rejimində icra olunmaqdadır. Bu, adi daşımalar deyil. Hər gün bu cür epidemik vəziyyətdə minlərlə insan zəhmət sərf edir ki, səhər sərnişinlərin daşınması həyata keçirilə bilsin. Nəqliyyat sahəsində çalışan minlərlə insan bu gün həyatını riskə atıb, vətəni, milləti qarşısında borcunu yerinə yetirir”.
M.Ağayev onu da əlavə edib ki, insanlar karantin qaydalarına bir az daha həssas yanaşsalar, bu cür sıxlıqla qarşılaşmarıq:
“Nəqliyyat sahəsində çalışan əməkdaşlar Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara uyğun olaraq, həyati vacib sahələrdə çalışan şəxslərin daşınmasını həyata keçirir. Çünki, bu olduqca vacib və zəruridir. Ciddi əsası olmadan evdən çıxan hər bir vətəndaş bilməlidir ki, o, bu davranışı ilə onlarla insanın sağlamlığını ciddi təhlükə altına atır. Bu gün avtobus qarşısında növbəyə dayanan vətəndaşlarımızın fotosunu, videosunu çəkib paylaşanlara müraciət edirəm: “Soruşdunuzmu, bu insanlar hara gedir? İşə gedirsə, onların çalışdığı sahə nə dərəcədə həyati əhəmiyyətlidir?” Ona görə bir daha hamını ilk növbədə evdə qalmağa çağırıram. Və sosial şəbəkə istifadəçilərindən də xahiş edirəm ki, məsələlərə bir qədər obyektiv yanaşsınlar”.
Onu da əlavə edək ki, sosial şəbəkədə paylaşılan fotolara şərh yazan vətəndaşlar evdən işə getmək üçün çıxdıqlarını deyərək, israrla qaydaları pozmadıqlarını bildirirlər.
Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində, ölkədə 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Könül Cəfərli
Rəylər