“Baku HOG Azerbaijan” qrupunun təşkilatçılığı və ANS Şirkətlər Qrupunun dəstəyi ilə“Böyük Yolun Yolçuları” adı altında motoyürüşə çıxan baykerlərimizin yürüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, motoyürüş zamanı 1500 km-ə yaxın məsafə qət edilib.
Yürüşdə əsas məqsəd 2016-ci ildə istifadəyə veriləcək Bakı - Tiflis - Qars dəmiryolunun tanıtımı olub.
Baykerlər dayandıqları məntəqələrdə motoyurüşün məqsədi, əhəmiyyəti haqqında məlumatlar veriblər. Bu dəmiryolu vasitəsilə Azərbaycandan birbaşa Türkiyəyə və beynəlxalq dəmiryol dəhlizlərinə gediş mümkün olacaq. Gürcü və türk baykerlərinin də qoşulduğu yürüşün müddəti iki gün olub.
Bakı -Tiflis - Qars dəmiryolu xəttinin tikintisinin təməli 2007-ci il noyabr 21-də Gürcüstanın Marabda kəndində qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib. BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək.
Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq.