Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Britaniya İmperiyası” medalı alan SOYDAŞIMIZ: Hüseyn Əjdərovun DÖYÜŞ YOLU - FOTO
İkinci Dünya müharibəsində Azərbaycanın hünər göstərib kölgədə qalan, daha doğrusu haqqı yeyilən çox igid oğulları olub. Həzi Aslanovun həyatına edilən qəsd və onun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı almasının gizlədilməsi bunun bariz nümunəsidir.
Haqqı tapdalanan başqa bir soydaşımız isə Hüseyn Şir oğlu Əjdərovdur. Tək bir faktı deyək ki, əfsanəvi döyüşçünün GA6409 nömrəli “Şpagin” sistemli avtomatı Sankt-Peterburq şəhərində yerləşən “Artilleriya, Mühəndislik Qoşunları və Siqnal Korpusu Hərbi Tarixi Muzeyi”ndə şərəf guşəsində qorunub saxlanılır.
Bəs Hüseyn Əjdərov kimdir?
Qəhrəman soydaşımızın döyüş yolunu tarixçi alim Zaur Əliyev araşdırıb. Alimin Bizim.media-ya təqdim etdiyi araşdırma materialında deyilir:
“Hüseyn Şir oğlu Əjdərov 1910-cu ildə Bakıda anadan olub. Beşinci sinfi bitirdikdən sonra çörək sexində işləyib. 1942-ci ilin oktyabrında Sovet Ordusu sıralarına çağırılıb, ancaq 1943-cü ilin mayında cəbhədə döyüşlərə qoşulub.
Arxivdə qəzetləri vərəqləyərkən “Bakinskiy raboçiy” qəzetinin 1943-cü il 5 sentyabr sayında onun haqqında məqaləyə rast gəldim.
Tam bütöv bir səhifədə onun barəsində yazılıb:
“...Sovet pulemyotçuları, görünür, bir vaxtlar rusların zəngin Vyaji kəndində (indiki Oryolun Novosilski rayonunda ləğv edilmiş kənd) olan düşmən istehkamlarının “zəncirini qırdılar”. Hətta qatı tüstü üzündən bağların yaşıllığında hələ də dəmir damların altında ağ evləri görmək olardı. Amma yanğınların tüstüsü kəndin üstündə dolanırdı və alman pulemyotları pəncərə dəliklərindən əsgərlərimizə doğru atəş açırdı...
Topçularımızın açdıqları atəş pərdəsi altında pulemyotçular düşmənə yaxınlaşdılar. Döyüşçülər piyada və tank əleyhinə qumbaraatanlarla silahlanıblar. Bir qrup pulemyotçu bunkerlərdən birinin yaxınlığında, nasistlərin pulemyot atəşi altında uzanmışdı. Bir az sonra bir döyüşçü pulemyotçulardan ayrıldı. Quru alaq otlarının arasından bunkerə tərəf süründü və cəld bir-birinin ardınca ora iki tank əleyhinə qumbara atdı.
Partlayış baş verdi, bunker susdu və orada olan onlarla nasist məhv edildi. “...Ah, Hüseyn! Deməli, alçaqlar...” döyüşçü yoldaşlarının səsini eşitdi.
Lakin döyüşçü dayanıb öldürülən faşistləri saymaq fikrində deyildi. Bunkerin üstündən tullanaraq kəndin dərinliyinə qaçdı. Birdən tək atış yüksək səslə əks-səda verdi. Ağır yaralı əsgər inilti ilə Hüseyn Əjdərovun yanına yıxıldı.
Snayper! Hüseyn özünü yerə sıxdı. İrəli getmək çətin idi. Daş divarın arxasında gizlənmiş alman snayperi kiçik bir boşluqdan Qızıl Ordunun əsgərlərinə atəş açırdı. Əjdərov əlindəki qumbara ilə atəş altında bunkerə yaxınlaşıb oranı partlatdı və yüzlərlə sovet əsgərini ölümdən xilas etdi”.
Həmin gün 29 qumbara ilə 50-dən çox alman əsgərini məhv edən Əjdərov nəinki döyüşün, sovet hərb tarixinin ən qəhrəman şəxslərindən birinə çevrildi.
Döyüşdə əla döyüşməsinə və şücaətinə görə 380-ci atıcı diviziyasının 1262-ci motoatıcı alayının pulemyotçu rotasının baş serjantı Hüseyn Əjdərovun adı cəbhə komandirinin əmrində qeyd edilib və Qırmızı Bayraq ordeni ilə təltif edilib.
Bölmə komandiri Əjdərovu təbrik edib çıxış etməyə ona söz verəndə O, bir kəlmə dedi:
“Mənim düşmənlə haqq-hesabım indi başlayır, indi hər kəs bakılıların necə döyüşdüyünü öyrənəcək!”
Ondan bu qəhrəmanlığa görə Sovet dövlətindən nə istədiyini soruşanda Əjdərov sadəcə bir xahiş edib:
“Bir şey istərdim: doğma Bakıda olanlar bilsinlər ki, Hüseyn Əjdərov öz xalqını necə təmsil edir”.
Keçmiş Bakı çörək zavodlarının birində çörək bişirən Hüseyn bölmənin ən yaxşı əsgəri adını qazanır və bütün sovet dövlətlərinə onun haqqında əfsanələr yayılır.
O dövrdə SSRİ Müdafiə Nazirliyinin gündəlik nəşrində belə yazılırdi:
“Alovlu lava axınları kimi, alman pusqularını əzərək, Qızıl Orduya qələbə gətirən zirehli tankın üstündə dayanan Hüseyn Əjdərov Koroğlu kimi, əfsanəvi süvarilərin bir vaxtlar düşmənlərini məhv etdiyi formada öz polad atına minib ürəyində qaynayan qəzəblə ətrafındakı faşist çəyirtkələrini məhv edir”.
Müharibə illərində göstərdiyi şücaət və qəhrəmanlığa görə Hüseyn Şir oğlu Əjdərov iki dəfə “Qırmızı Bayraq” ordeni, “İgidliyə görə” medalı ilə təltif edilib. O, həmçinin “Britaniya İmperiyası” medalı da alıb.
1945-ci il martın 13-dən martın 26-dək Qdansk, Polşada baş vermiş hücum döyüşlərində baş serjant Hüseyn Əjdərov özünü yenidən cəsur döyüşçü kimi göstərdi. Oliva kəndi yaxınlığında gedən döyüşdə düşmənin əks-hücumu zamanı alay bayrağını müdafiə edən baş serjant Əjdərov 30-a qədər alman əsgər və zabitini məhv edib, 10 alman əsgər və zabitini əsir götürüb.
Göstərdiyi şücaətə görə, 49-cu Ordunun qoşunları üçün 30 aprel 1945-ci il tarixli 054 saylı əmrlə baş serjant Hüseyn Əjdərov yenidən “Qırmızı Bayraq” ordeni ilə təltif edilib.
Ümumiyyətlə, qəhrəman soydaşımız göstərdiyi şücaətə görə bir sıra orden və medallar qazanıb. O həm də müharibə dövründə müttəfiq - Böyük Britaniyanın medalını alan nadir insanlardandır.
O zamanlar ikinci “Qırmızı Bayraq” ordeni almaq Sovet İttifaqı Qəhrəmanı adına bərabər tutulurdu. Lakin soydaşımızın bu fəxri adı almasının qarşısını o zaman ordu komandanı olan erməni marşal İvan Baqramyan alıb. Səbəbsə aydındır. Bununla belə İkinci Dünya müharibəsi barədə yazanlar Hüseyn Əjdərovun adı gələndə ayağa qalxırlar. O, nadir insanlardan biridir ki, şəxsi silahı muzeydə şərəf guşəsində saxlanılır.
Müharibədən sonra Hüseyn Əjdərov vətəni Azərbaycana, Bakıya qayıtdı. Təəssüf ki, Hüseyn Əjdərovun postmüharibə dövründəki fəaliyyəti barədə arxivlərdən heç bir məlumat əldə edə bilmədik”.
Rəylər