Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bu azərbaycanlı ABŞ-ın on universitetinə qəbul olub - MÜSAHİBƏ
İbrahim Məmmədov ABŞ-ın - Stanford, Kolumbiya, Prinston, Yel, Harvard, Kornell, Braun, Nyu-York Universiteti, Dyuk, Cons Hopkins - on universitetinə qəbul olub. Deyir ki, buna vaxtını düzgün işlərə sərf edərək nail olub.
Oxu.Az-ın əməkdaşı İbrahim Məmmədovla söhbətləşib:
- Özünüz barədə məlumat verin.
- 2000-ci ildə Bakıda anadan olmuşam. IV sinfə kimi 16 nömrəli liseydə təhsil almışam. 2010-cu ilin yayında “Green card” vasitəsilə ailəmlə ABŞ-a köçdük.
- İngilis dilini necə öyrəndiniz?
- Bura gəlməmişdən bir neçə ay əvvəl Bakıda ingilis dilini kursda öyrəndim. Deməzdim ki, çox xeyri oldu. Qrammatikanı bilməklə öyrəndiyin dildə danışmaq arasında böyük fərq var. Bakıda Britaniyanın ingilis dili keçirilir və mən ABŞ-da bəzi sözləri tələffüz edib yazanda səhvlərim olurdu.
İngilis dilini ancaq ABŞ-da məktəbdə oxuyanda öyrənə bildim. Ətrafımdakı taciklər, çinlilər, banqladeşlilər aralarında öz dillərində danışmağa davam etdikləri üçün ingilis dilini çətin öyrənirdilər. Mənim ətrafımda isə bir neçə rusdillidən başqa heç kim yox idi, ona görə də dili tez öyrəndim.
- Azərbaycan məktəbləri ilə ABŞ məktəbləri arasında nə kimi fərqlər var?
- ABŞ-da nizam-intizam azdır. Müəllim otağa girəndə dik atılıram, hamı mənə baxır ki, bu uşaq niyə hər dəfə müəllim otağa gələndə ayağa qalxır? Amma ABŞ-da bəzi şeylərə çox ciddi yanaşılır. Bir dəfə dava edəndə tutulsan, bu, sənədlərində həmişəlik yazılır və universitetə girmək şansın azalır.
Təhsilə gəldikdə, onlar uşaqlara camaat arasında necə danışmaq, birlikdə layihə üzərində işləmək kimi önəmli bacarıqlar öyrədirlər. Çox fərq var, amma elədikləri hər şeydən razı deyiləm, Bakıdakı məktəblər bəzi şeyləri ABŞ-dan daha düzgün edir.
- Universitetə necə hazırlaşırdınız və özünüzü necə motivasiya edirdiniz?
- Universitetlərə mükəmməl məktəb qiymətləri, qəbul imtahanında yüksək bal, yaxşı esse, məktəbdən əlavə maraqlı işlərlə məşğul olmaq lazımdır. Dərslərimi yaxşı oxuyurdum, imtahanlara gündə 6-7 saat vaxt sərf edərək hazırlaşırdım, metroda da dərs oxuyurdum. Ona görə də öz sinfimdə son dörd ildə həmişə “Top-10”luqda olmuşam.
Məktəbdə yaxşı oxumaq elə özü qəbul imtahlarına adamı hazırlaşdırır, amma mən məktəbdən sonra əlavə dərslərə yazıldım, hazırlaşmaq üçün kitablar aldım. İllərdir nə barədə esse yazacağımı düşünürdüm. İdeyalar beynimdə fırlanırdı, XII sinifdə artıq təxminən nə yazacağımı bilirdim. Bacım bu işlərdə mənə çox kömək edib dəstək oldu, mənə yol göstərdi.
- Ətrafınızda motivasiya verən, yoxsa ruhdan salan insanlar çoxdur?
- Motivasiya edən çoxdur. Məhlədə yaşıdlarım çəkdiyim əziyyəti gördükləri üçün hörmətlə yanaşırdılar. Evdə də hər kəs dəstəkləyirdi. Məktəbdə müəllimlər ruhdan salırdı, hərdən elə rəqəmlər deyirdilər ki, inamımı itirirdim. Məsələn, deyirdilər ki, məktəbimizdən ildə ancaq bir uşaq Yel Universitetinə qəbul olur, yaxud məktəbimizin uşaqları keçən il Harvard Universiteti üçün keçirilən imtahanda cavabları köçürüblər, onlar da bizdən uşaq götürməyəcəklərini deyiblər.
Qəbul olunduqdan sonra da Azərbaycan saytlarının bəziləri bu barədə yazanda çox insan elə düşünürdü ki, pul hesabına, ya da tanışlıqla qəbul olmuşam. Bunları eşidib ruhdan düşürdüm. Görsəydilər ki, bu dörd ildə nələri qurban vermişəm, elə deməyə dilləri gəlməzdi.
- Universitetlərə qəbul olduğunuzu biləndə reaksiyanız necə oldu? Belə nəticə gözləyirdiniz?
- Cavabı alanda başımı divara yapışdırıb şükür etdim. Çox sevinsəm də, baş verəni tam başa düşmürdüm. Adam dörd il bir hadisəni gözləyəndə, o hadisə baş verəndə, çox qəribə hisslər keçirir. Hər şeyi bulanıq görürdüm, addımlarımı düz ata bilmirdim. Həm də biz azərbaycanlılar bir az “ağır” oluruq, qışqırıb tullanıb-düşə bilmədim. Deməzdim ki, bu nəticəni gözləmirdim, çünki çox çalışmışdım, hər şeyi düz etdiyimi də bilirdim.
Səhərisi gün məktəbdə matəm idi. Demək olar, məktəb yoldaşlarımın heç biri yaxşı yerə qəbul olmamışdı. Aralarında məktəb vaxtı məndən yüksək qiymət alanlar da var idi. O an məsələnin ciddiliyini başa düşdüm.
ABŞ-ın ən böyük məktəbində təkcə mən belə universitetlərə qəbul olmuşdum, inanılmaz idi. Bu nəticəni belə izah edə bilərəm: essem kolleclərə maraqlı gəldi. Yoldaşlarım öz musiqi maraqlarından, ailə həyatlarından yazan vaxt mən Azərbaycan adət-ənənələrinin qorunması, Azərbaycan cəmiyyəti barədə yazmışdım. Bu, kollecləri cəlb etdi.
- Azərbaycan adət-ənənələri deyəndə sırf nələri nəzərdə tutursunuz?
- Folklorumuz, dilimizin incəlikləri... Babamla danışanda elə sözlər, ifadələr eşidirəm ki, hansısa hekayə ilə bağlıdır və sırf onun yaşadığı məhəllədə işlənib. Yaxud Novruz bayramının necə qeyd olunması. Bunları qorumağa çalışıram, çünki bu, mənliyimin bir hissəsidir.
- Uğurunuzun sirri nədir?
- Əsas olan qarşınıza məqsədlər qoymaq və o məqsədlərə bir-bir çatmaqdır. Özümə heç bir dərsdən qiymətimin 95 faizdən aşağı düşməyəcəyini demişdim: dörd il qiymətimi 95-dən yuxarıdan saxladım. Özümə 1540 bal yığacağımı dedim: düz 1540 bal yığdım. Dedim, hər yayı yeni nə iləsə tanış olacam, etdim: it damında işlədim, uşaqlara dərs dedim, meşədə işlədim, xaricdə yaxşı qiymətlərimə görə tamamilə pulsuz bir ay ərzində ispan dili öyrəndim.
Bir də bu məsələ var: vaxtımı düzgün işlərə sərf edirəm. Evdə televizorumuz yoxdur, “Youtube”da boş-boş videolara baxmıram, vaxtımı almasın deyə telefonumu uzağa qoyuram, hər şeyi son dəqiqəyə saxlamıram. Savadıma məsuliyyətlə yanaşırdım.
- Oradan baxanda Azərbaycan necə görünür?
- Azərbaycan özümü xoşbəxt hiss etdiyim, başa düşüldüyüm yeganə yerdir. Çox darıxıram, bir neçə həftə əvvəl amerikalı dostlarımı Azərbaycan restoranına apardım, orada bizim musiqi ifa olunurdu. Bir də gözlərimin yaşardığını, dodaqlarımın əsdiyini gördüm.
Dostlarım həyəcanlandılar ki, İbrahimə nə oldu? Özümü güclə ələ aldım. Bu tip hadisələr Bruklində tanıdığım hər azərbaycanlının başına gəlir. Çox adam bu hissləri anlamır, “təki sizin yerinizdə olaydım, Nyu-Yorkda Vətən həsrəti çəkəydim” deyirlər. Amma bura gələnlərin heç biri belə düşünmür.
- Gələcək üçün planlarınız nələrdir?
- Əmin deyiləm. Cavablar çıxandan sonra hələ özümə gəlməmişəm, gərək bir az vaxt keçsin. Əsas odur, yaxşı savad alım, sonrası düzələr.
- Gənclər və xaricdə təhsil almaq istəyənlərə sözünüz...
- Özünüzə inanın, savadı kollecə girmək üçün yox, savadın özünə görə alın. Savadlı insan savadlı övlad böyüdür, millətini xaricdə yaxşı cəhətlərlə təmsil edir, həyatını min qat artıq mükəmməlləşdirir. Oxumağı gərək adam özü istəsin. Ev tapşırıqlarını etməyə valideyn sizi məcbur edəcəksə, işiniz çətin olacaq. Məsuliyyəti boynunuza götürün.
Nəzrin Həsənova
Rəylər