Bu gün Beynəlxalq Nelson Mandela Günüdür.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, həmin tarix Cənubi Afrika Respublikasının sabiq və ilk qaradərili prezidenti Nelson Mandelanın sülh və azadlığa töhfələrinin tanınması əlaməti olaraq, 2009-cu ildə BMT-nin Baş Assambleyasının 64/13-cü qətnaməsinə əsasən təyin olunub.
Bu gün Nelson Mandela 95 yaşını qeyd edir.
İrqi ayrı-seçkiliyə qarşı mübarizənin simvoluna çevrilmiş Nelson Mandela Afrikanın ən məşhur insan haqları müdafiəçisi kimi, siyasi məhbus kimi, beynəlxalq miqyaslı sülhməramlı kimi və Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti kimi ömrünün 67 ilini sülh və humanizm işinə sərf edib. Məhz bununla əlaqədar, hər il olduğu kimi, bu il də beynəlxalq Nelson Mandela günü “Başqalarına kömək etmək üçün 67 dəqiqə ayırın” şüarı altında keçirilir. Dünyanın bir çox ölkələrində bu gün 67 dəqiqə xeyriyyə ilə məşğul olmaq aksiyaları keçirilir.
Qeyd edək ki, Nelson Mandela səhhətində problemlərlə əlaqədar iyunun əvvəllərindən paytaxt Pretoriyadakı xəstəxanalardan birində müalicə alır. Ona ağciyər infeksiyası diaqnozu qoyulub. Mandela 95 yaşını da xəstəxanada yaxınlarının əhatəsində qeyd edəcək. Həkimlər və Mandelanın ailə üzvləri onun vəziyyətinin yaxşılaşmağa doğru getdiyini, artıq yaxınları ilə danışdığını və televizora baxdığını bildirirlər.