Dövlət İmtahan Mərkəzi tərəfindən 29 may 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İmtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda, nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1560 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 1441 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1162 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 30 may və 2 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün taksi sürücüləri üçün imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün 1560 nəfər qeydiyyatdan keçib.
Oxu.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilir ki, imtahanın keçirilməsi üçün 20 imtahan rəhbəri, 104 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.
İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə Regional Bölməsində saat 11:00 və 15:00 olmaqla, 2 növbədə keçiriləcək və 1 saat davam edəcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda, nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
"Yaddaş kitabçası" ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar.