Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib.
Oxu.Az xəbər verir ki, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 127 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 4 nəfər, AC3 altqrupu üzrə 1 nəfər, AC4 altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 21 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün sentyabrın 23-dən oktyabrın 4-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 23-25 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq və kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat 2024-cü il avqustun 21-dən sentyabrın 13-dək aparılıb və bu müddət ərzində 132 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
"İmtahana buraxılış vərəqəsi".
Rəylər