“Cari il əlillik təyin edilən 47 519 şəxsdən 2 737 nəfərə birinci qrup əlillik təyin edilib”.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.
O bildirib ki, Azərbaycanda hər doqquz dəqiqədə bir nəfərə əlillik dərəcəsi təyin edilir:
“22 091 nəfərə ikinci qrup, 14 384 nəfərə üçüncü qrup əlillik təyinatı aparılıb. Eyni zamanda son 10 ay müddətində 8307 uşaq sağlamlıq imkanı məhdud uşaq statusunu qəbul edib. Ümumi səbəbdən 41 181 nəfər əlillik alıb, digər 6038 nəfərin əlilliyi xüsusi səbəbdən təyinatı aparılıb.
Onu da qeyd edim ki, 47 519 şəxsdən 14 716 nəfərə ilkin əlillik təyinatı aparılıb ki, onlar ilk dəfə əlillik dərəcəsi üçün müraciət ediblər və əlillik statusu alıblar. 32 803 nəfər isə təkrar əlillik üçün müraciət edib ki, onların da əlillik statusu təsdiqlənib”.
Könül Cəfərli