Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bütün dövrlərdə həqiqət carçısı olan mətbuatımız 149 yaşında
Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də nəşr olunan "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız 149 yaşına çatır. Bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayan mətbuatımızın bu günü ilə bağlı bu sahənin peşəkarları danışıblar.
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Ənənələrə sadiq, dinamik, müasir...
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, bugünkü Azərbaycan mediası daim inkişafa can atan, özündə tarixi ənənələrə sadiqliyi və müasirliyi yaşadan dinamik, cəmiyyət həyatının müxtəlif sferalarına nüfuz etməyi bacaran mütəhərrik strukturdur: "Elə bir sahə yoxdur ki, media həmin sahə ilə bağlı ictimaiyyəti məlumatlandırmasın. Hazırda Azərbaycan mediası dünyanın Cənubi Qafqaz regionu ilə bağlı vacib informasiya mənbəyi rolunda çıxış edir. Bu da təbiidir. Çünki Azərbaycan regionun lider ölkəsidir, yaşadığımız coğrafiya ilə bağlı bütün vacib qərarlarda müstəsna rola malikdir. Bu günün Azərbaycanı o qədər güclü inkişaf edir ki, medianın da bu inkişafa adekvat reaksiya verməsi mütləqdir".
Peşəkarlığın artırılmasına ehtiyac var
Sədr vurğulayır ki, adekvatlığın qorunması üçün isə peşəkarlığın daha da artırılmasına ehtiyac duyulur: "Biz hər zaman deyirik ki, Azərbaycan mediası dünya mediasına inteqrasiya etməli, onun tərkib hissəsi olmalıdır. Nəzərə alsaq ki, dünyanın da gözü Cənubi Qafqazdadır, məsələ daha aktual səciyyə daşımaqdadır. Deməli, mediamız peşəkar standartları mənimsəməklə yanaşı, xarici dil biliklərinə də yiyələnməlidir. Burada söhbət yalnız xarici dildə xəbər yayımından getmir. Eyni zamanda, dünyanın anladığı dildə düşünmək, təhlil etmək bacarığı da önəmlidir. Məsələn, azərbaycanlı jurnalist ingilis, fransız, ərəb və sair dili bilirsə, o, həmçinin həmin dillərdə danışan auditoriyanın tələblərini, nələri əsas götürdüyünü aydın şəkildə dərk etməlidir. Bu, peşəkarlığın sərhədlərini daha geniş götürmək zərurətini doğurur".
"Hər birimizin arzusu mediamızı daha peşəkar görməkdir"
R.Məcid jurnalistlərimizin daha təminatlı yaşamasını arzulayır: "Milli mətbuatımızın ildönümləri qazandıqlarımızı və qazanmadıqlarımızı nəzərdən keçirmək üçün fürsət verir. O cümlədən, gələcək barədə düşünmək və yeni vəzifələr müəyyənləşdirmək baxımından da. Mediamızı, jurnalistlərimizi daha peşəkar görmək hər birimizin arzusudur. Peşəkarlıq üçün isə arxayınlaşmamaq, daha əzmlə çalışmaq şərtdir. Sırf gözləntiyə gəlincə, əlbəttə, daha bir arzumuz da var ki, mediamız ölkə iqtisadiyyatının tərkib hissəsinə çevrilsin. Jurnalistlərimiz daha təminatlı yaşasınlar. Hər bir peşəkar media orqanı özünü iqtisadi cəhətdən təmin etməyi bacarsın".
"Azərbaycan mətbuatı kifayət qədər inkişafdadır"
"Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev hesab edir ki, bugünkü Azərbaycan mətbuatı inkişafdadır və son tendensiyaları da mediada tətbiq etməyi bacarır. Lakin bəzi problemlərimiz hələ də qalır: "Əsas problemlərdən biri sosial şəbəkələrdəki yoxlanılmamış xəbərlərin mətbuat səhifələrinə sıçramasıdır. İstənilən halda, sosial şəbəkələrdə hər hansı bir xəbər yayılarsa, bunun mütləq təsdiqi lazımdır. Təəssüf ki, oxucuların diqqətini daha tez çəkmək, oxucu sayı artırmaq üçün bəzi hallarda buna riayət edilmir. Bunun qarşısını almaq üçün mətbuatımız daha çox istinadlı xəbərlərdən, dünya təcrübəsində istifadə olunan alətlərdən istifadə etməlidir. Digər məsələlərdən biri isə yazıda, xəbərdə infoqrafikalardan istifadənin təşviqidir. Hazırda oxucular infoqrafik materiallara çox meyillənir. Həmçinin bir çox xəbər saytlarında videomaterialları müşahidə edirik. Bu da çox müsbət haldır. Çünki hazırkı dövrdə insanlar video formatlı xəbərləri xoşlayırlar".
Hansı xəbərlər daha çox oxunur?
Mətbuatda ciddi materialların daha az maraq kəsb etdiyini vurğulayan direktor bildirir ki, hazırda dünyada da ciddi xəbərlər az oxunur: "Azərbaycan mətbuatında kifayət qədər araşdırmalar və analitik materiallar var. Təəssüf ki, bunların oxunma sayı qənaətbəxş deyil. Bu tək bizdə belə deyil. Yəni dünyanın istənilən bir yerində şou-biznes xəbərləri, yaxud hansısa cəlbedici başlıqla verilən xəbərlər daha çox oxunur, nəinki ciddi materiallar".
Dünya nəhəngləri milli mətbuatımıza istinad edir
Peşəkar media mütəxəssisi vurğulayır ki, hazırda Azərbaycan mətbuatı Cənubi Qafqazda kifayət qədər keyfiyyətli kontent ortaya qoyur, bəzi sahələrdə hətta Türkiyədən də qabaqdadır: "Hazırda dünya mətbuatında da Azərbaycanın informasiya agentliklərinə, saytlarına istinadlar olunur və bu da təsdiq edir ki, biz artıq kifayət qədər tanınırıq".
Mətbuat Zərdabinin istədiyi səviyyədədir
Azxeber.com saytının təsisçisi və baş redaktoru Hacıbəy Heydərli isə deyir ki, 149 yaşlı Azərbaycan mətbuatı bu gün Həsən Bəy Zərdabinin istədiyi səviyyəyə çatıb: "Azərbaycan mətbuatı geridə qalan 149 il ərzində çox keşməkeşli və şərəfli yol keçib. Təbii ki, mətbuatın problemləri də var və hər zaman dilə gətiririk. Amma son illər biz Azərbaycan mətbuatında saflaşmanın şahidi oluruq".
Həmsöhbətimiz vurğulayır ki, hazırda ənənəvi media ilə yanaşı, onlayn media cəmiyyətin nəbzini tutub: "Xüsusilə də dövlət dəstəyinin ayrılmasından sonra onlayn mediada formalaşan qeyri-sağlam rəqabət azalıb, media subyektləri oxucuya keyfiyyətli yazılar təqdim etməyə çalışırlar".
"Hər bir həmkarımız fədakardır"
Çap mediasının hazırkı durumuna gəldikdə isə, sayt rəhbəri bildirir ki, çap mediası tarixdir və öz ənənələri, özünəməxsus xüsusiyyəti var: "Çap mediasının olması bizim cəmiyyətimiz, dövlətimiz üçün önəmlidir. Amma çap mediası da çalışmalıdır ki, dünyada baş verən yeniliklər, trendlərlə ayaqlaşsın. Təbii ki, bu məsələdə ən böyük amil reklam bazarının formalaşmasıdır. Azərbaycan mətbuatında çalışan hər bir həmkarımız fədakar insandır. Biz qalib ölkənin vətəndaşlarıyıq, mətbuat da öz simasında bizim uğurlarımızı daha geniş kütlələrə çatdırmağı bacarmalıdır".
"Cənubi Qafqaz" teqi üzrə xəbərlər
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Xronika: "Əsəd Suriyadan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsini təşkil edirdi"
- İranın dalana dirənməsinin doqquz səbəbi: SEPAH-ın Tehranı təmizə çıxarmaq cəhdi
Rəylər