Buzovna qəsəbəsində yaşayan sakinlər uzun illərdir yay aylarında su təminatı ilə bağlı ciddi çətinliklərlə üzləşirlər.
Oxu.Az-a müraciət edən M.Sübhi küçəsinin sakini Fuad Rüstəmzadə bildirib ki, son 5 ildir hər yay mövsümündə suyun verilməsində problemlər yaranır.
Onun sözlərinə görə, yay aylarında evlərinə normal içməli su verilmir. Əvvəlcə onlara gündə 24 saat şirin suyun verilməsi vəd olunub, lakin sonradan bu müddət gündə iki dəfə, yayda isə yalnız bir dəfə suyun verilməsi ilə əvəz olunub. Yuxarı mərtəbələrdə isə bəzi günlər su tamamilə kəsilir. F.Rüstəmzadə qeyd edib ki, hazırda 7, 8 və 9-cu mərtəbələrdə 3 gündür su yoxdur. Abonentlər "955" nömrəsinə zəng vurduqda isə yalnız - "qeydə alınıb, baxılacaq", - cavabı alırlar.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda su təchizatında təzyiqlə bağlı müvəqqəti çətinliklər müşahidə olunur:
"Məsələ ilə bağlı müvafiq rayon sukanal idarəsinin mütəxəssisləri tərəfindən səbəblər araşdırılır və problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Tezliklə abonentlərin su təchizatı əvvəlki rejim üzrə bərpa olunacaq".
Aləmdə Nəsib