“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə fasilədən sonra davam etdirilib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə C. Hacıyev ifadə verib.
O, ilk öncə saxlanma şəraitindən narazılıq edib, istintaq təcridxanasında ona qida məhsullarını saxlamaq üçün soyuducu verilmədiyini deyib:
“Mən həmişə istəmişəm ki, istintaq baş prokurorluq tərəfindən aparılsın. Çünki oranın məsuliyyətli işçiləri var. İttihamda göstərilir ki, 211 milyon ziyan vurulub. Amma nə qədər hesablasan belə, bu rəqəm alınmır. Mənim və yaxınlarımın 5 milyona yaxın səhmləri alqı-satqı olunub, amma əldə olunan vəsait kreditlərin ödənilməsinə yönəlməyib. Mən istintaqda bildirmişəm ki, fiziki şəxslərin adına olan kreditlər layihələrə yönəlib. Mən qanunları gözəl bilirəm və onların heç birini pozmamışam.
Hər şey 2008-ci ildən başladı. Dünyada maliyyə böhranı başlayanda bütün dünyada qabaqlayıcı tədbirlər görüldü, amma bizdə belə olmadı.
Beynəlxalq Banka heç bir xəbər vermədən devalvasiya qərarı verildi. Bu qərardan sonra bank bir gecədə 130 milyon manat vəsait itirdi.
Mən heç kimlə birlikdə mütəşəkkil dəstə yaratmamışam. Biz terror təşkilatıyıq?”
Sonra C. Hacıyev prokuror və vəkillərin suallarını cavablandırıb.
Proses avqustun 26-da davam edəcək.
13:32
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə C. Hacıyevin vəkilləri – Fəxrəddin Mehdiyev və Aqil Layicov vəsatət qaldıraraq, məhkəmə tərkibinə etiraz ediblər.
F. Mehdiyev deyib ki, buna səbəb məhkəmə heyətinin indiyədək 6 vəsatətdən heç birini təmin etməməsidir.
Digər təqsirləndirilən şəxslərin vəkilləri isə vəsatətlə razılaşmayıb və indiki mərhələdə buna ehtiyac olmadığını bildiriblər.
Dövlət ittihamçısı Fərid Nağıyev də vəsatətin əsaslı olmadığını deyərək, təmin olunmamasını istəyib. Məhkəmə tərkibi vəsatətin əsaslandırılmadığı səbəb göstərərək, baxılmamış saxlayıb.
Vəkil Fəxrəddin Mehdiyev C. Hacıyevə istintaq təcridxanasında təzyiq edildiyini də diqqətə çatdırıb: “Onun soyuducusu belə əlindən alınıb və bu, Cahangir Hacıyevin günlərlə ac qalmasına səbəb olub”.
Prokuror isə vəsatətə münasibət bildirərək, yalnız ifadə verən vaxt təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılmasının mümkün olduğunu və buna etiraz etmədiyini deyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Vəkil Aqil Layicov verilən kreditlərlə bağlı tələb-güzəşt sənədlərinin məhkəməyə təqdim olunmasını və araşdırılmasını istəyib. Hakim isə bu vəsatətə sənədlərin tədqiqi mərhələsində baxılacağını deyib.
Daha sonra məhkəmə istintaqı başlayıb və prokuror ittiham aktını elan edib.
C. Hacıyev də daxil olmaqla təqsirləndirilən digər şəxslər ittihama münasibət bildirərək, özlərini təqsirli bilməyiblər. C. Hacıyev ittiham aktında ona aydın olmayan məsələlərin olduğunu deyib.
Məhkəmə indiki mərhələdə təqsirləndirilən şəxslərin ifadə verməsi haqqında qərar qəbul edib.
Proses fasilədən sonra davam etdiriləcək.
Fasilədən sonra C. Hacıyevin ifadə verməsi gözlənilir.