Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“CanSat Azərbaycan” layihəsinin qalibləri elan edilib - FOTO
“Ölkədə aerokosmik sahədə inkişaf üçün bütün münbit şərait yaradılıb. Hətta 1973-cü ildə Beynəlxalq Aerokosmik Konqresin Bakıda keçirilməsi ölkənin aerokosmik sənayesinə töhfə idi”.
Oxu.Az xəbər verir ki, bu fikirləri “CanSat Azərbaycan 2023” layihəsinin qaliblərinin elan edildiyi tədbirdə Azərbaycan Respublikasının Kosmik Agentliyinin rəhbəri Saməddin Əsədov deyib.
O bildirib ki, belə genişmiqyaslı konqres Rusiyada, digər ölkələrdə də keçirilə bilərdi, lakin məhz Bakıda keçirildi:
“O dövrdə belə böyük konqresin keçirilməsi asan iş deyildi. 1973-cü il oktyabrın 7-dən 13-dək Bakıda dünyanın 17 ölkəsindən gəlmiş nümayəndələrin, eləcə də təyyarəçi-kosmonavtların iştirakı ilə Beynəlxalq Astronavtika Federasiyasının XXIV konqresi keçirildi. Bu nüfuzlu beynəlxalq tədbirin Bakıda keçirilməsi təsadüfi deyildi. “Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz” devizi altında keçirilən bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoydu.
Bizim də fəaliyyətimiz və görülən layihələrin məqsədi ölkədə kosmik sahədə yeniliklərin tətbiqi, bu sahədə peşəkar kadrların yetişdirilməsidir. Ümid edirik ki, bu gün qalib gələn komandalar da öz üzərlərində çalışıb gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqlar”.
Daha sonra Azərbaycan Respublikasının Kosmik Agentliyi tərəfindən keçirilən beşinci “CanSat Azərbaycan” layihəsinin qalibləri elan edilib.
Layihənin qalibi ADA Universitetinin komandası olub. Onların layihəsi 6 000 AZN məbləğində mükafat alıb. İkinci yeri qazanan Xəzər Universitetinin komandası 4 000 AZN, üçüncü yeri qazanan Milli Aviasiya Akademiyasının komandası 2 000 AZN məbləğində mükafata layiq görülüblər.
Komandaları Azərbaycan Respublikasının Kosmik Agentliyinin rəhbəri Saməddin Əsədov təbrik edib və onlarla xatirə şəkilləri çəkdirib.
Daha çox şəkil burada: PhotoStock.az
Könül Cəfərli
Rəylər