Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakı səfərinə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin məzarına, daha sonra Şəhidlər xiyabanına və Türk şəhidliyinə ziyarət ilə başladı.
Oxu.Az xəbər verir ki, türk şəhidliyini ziyarət edən Mövlud Çavuşoğlu burada xatirə dəftərinə imza atıb.
Çavuşoğlu xatirə dəftərinə yazıb:
“Əziz şəhidlərimiz, Qafqaz İslam Ordusu sıralarında qəhrəmancasına döyüşərək düşmənlərin işğalından xilas etdiyiniz Bakıda mənəvi hüzurunuzda olmaqdan qürur duyuram. Siz tariximizin ən ağır günlərində Azərbaycandakı qardaşlarımızın müstəqillik və azadlığı uğrunda mübarizəsində bir an belə tərəddüd etmədən canınızı fəda etmisiniz.
Qəhrəmanlığınız və fədakarlığınız unudulmayacaq, qəlblərimizdə nəsildən-nəslə ötürüləcək. Azərbaycanda yazmış olduğunuz bu qəhrəmanlıq dastanı sarsılmaz qardaşlığımızın qüdrətini bütün dünyaya bəyan etdi. Tökdüyünüz qanınız bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan ən müqəddəs bağın təməlidir.
Bu vəsilə ilə Qafqaz İslam Ordusunun şəhidləri başda olmaqla hər iki ölkənin müstəqillik uğrunda mübarizədə fədakarlıqlarını əsirgəməyən şəhidlərimizi rəhmət və hörmətlə anıram. Əziz ruhlarınız şad olsun!”.