5 nömrəli internat məktəbi və görmə qabiliyyətindən məhrum olan uşaqlar üçün 38 saylı musiqi məktəbi...
Məktəbə gələndə fərqli mühitlə rastlaşacağımı bilirdim, ancaq fərqliliklərin üzdən oxunmayacağı ağlıma gəlməzdi.
Hazırladıqları “Leyli və Məcnun” operasını izlədikdən sonra səhnədə ifa edən uşaqlarla söhbət etdim. Adi bir məktəbdə konsert sonrası uşaqlarla söhbət etsəydim, yəqin ki, belə alınardı.
Bilirdim ki, bu uşaqların gündəlik qayğıları, dərdləri fərqlidir.
Adi həyatda kiçik bir problemi olan kimi iç dünyalarını dağıdan insanlardan fərqli olaraq, onlar həyata güclü tellərlə bağlanıblar.

Bu tellər nə zaman yaranıb, valideynləri rəhmətə gedəndə, onları burada qoyub gedəndə, yoxsa bizdən heç bir fərqləri olmasa da, fərqləndiklərini biləndə? Yəqin ki, bu zaman tellər, əksinə, qırılmaq istəyib, yaranmaq yox, amma onları arzu və istəkləri həyata bağlayır.
Hər işdə çətinlik olduğunu başa düşürlər, deyirlər ki, çətin olmayan heç nə yoxdur. Çətinlikdən qorxmurlar, istəklərinə necə çatacaqlarını düşünüb xəyallar qururlar.
Fatimə, Ruslan və Nazə... Səhnədə ifa edən bu uşaqları tanıyaq.
Fatimənin 16 yaşı var və uşaqlıqdan bütün musiqi alətlərinə həvəsi, özünün də səsi olub.
“Kamança isə heç eşitmədiyim və tanımadığım alət idi. Buraya gəlib musiqi məktəbinə yazılanda mənə kamançanı öyrənməyi təklif etdilər. Bir dəfə səsini eşitməklə alətə vuruldum. O, sanki mənimlə danışır, dostumdur. Hiss etdim ki, bu alət daxili aləmimə uyğundur. Buna görə də davam etdim. Heç ağlıma da gəlməzdi ki, musiqi təhsilimi davam etdirərəm”, - o deyir.
Fatimə böyüyəndə kamança müəllimi olmaq, bu aləti gələcək nəsillərə ötürmək, onu ifa edənlərin daha çox olmasını istədiyini qeyd edir.

15 yaşlı Ruslan musiqi məktəbinə gitara üzrə yazılmaq istəyib, lakin bu musiqi aləti olmadığına görə tarı təklif ediblər:
“Yoxladım və xoşuma gəldi. Müəllimlərin köməyi ilə tarla bir çox konsertlərdə çıxış etdim. Gələcəkdə gitaranı da öyrənib, hobbi kimi ifa etməyə çalışacağam”.
Alman, ingilis dillərinə marağının olduğunu, tərcüməçi olmaq istədiyini deyir.
Hal-hazırda mahnılar bəstələyən Nazə Aliyə müəllimin onu kəşf etdiyini deyir. Ən böyük arzusu, məqsədi konservatoriyaya daxil olub musiqiçi olmaqdır.
Musiqi sənətində irəlidə olacaqlarına inanıb gözəl gələcəklərinə ümid edirik.
Qeyd edək ki, 1980-ci ildə Azərbaycan Korlar Cəmiyyətinin sabiq sədri mərhum Arif Zeynalovun təşəbbüsü ilə Cəmiyyətin nəzdində musiqi məktəbi yaradılıb. Məktəbin ilk direktoru Murtuz Mehdiyev olub.
1993-cü ildə Arif Zeynalovun təşəbbüsü və Azərbaycan Respublikasının sabiq mədəniyyət naziri Polad Bülbüloğlunun köməyilə məktəb Mədəniyyət Nazirliyinin tabeliyinə verilərək Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli musiqi məktəbi kimi Bakı Şəhər Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyətini davam etdirir.
2008-ci ildə məktəbin direktoru Murtuz Mehdiyev dünyasını dəyişdikdən sonra onun işini tələbəsi, Ü.Hacıbəyli adına Musiqi Akademiyasının məzunu Əsab İspəndiyar oğlu Əliyev davam etdirir.
2008-ci ildə məktəb yenidən qurulub və musiqi tədrisinin daha yüksək səviyyədə təşkil olunması üçün Bakı Musiqi Akademiyasından, Milli Konservatoriyadan, Bakıda yerləşən musiqi məktəblərindən təcrübəli müəllimlər dəvət olunublar.
2009-cu ildən məktəbin statusu genişləndirilərək 11 illik təhsil sisteminə keçirilib. Məktəbin beş məzunu Milli Konservatoriyada təhsilini davam etdirir.
Nəzrin Həsənova
www.oxu.az