Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ceyhun Bayramov: Direktorlar səhlənkarlıq edib
Şagirdlərin yerdəyişməsi elektronlaşdırılmamışdan əvvəl meydana çıxan narazılığı yalnız Təhsil Nazirliyinə şikayət daxil olduqda bilirdik.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda şagirdlərin ilk dəfə elektron yerdəyişməsindən bir həftə sonra nazirliyə bir çox müraciətlər daxil olub:
“Bakı Şəhər üzrə Təhsil idarəsinin qarşısına çoxsaylı insan gəlib deyirdi ki, yerdəyişmə prosesi ləngiyir və səbəbləri ilə maraqlanırdılar.
Elektron sistem mövcud olmasaydı, bu məsələ ilə bağlı narazılıqların həcmini müəyyən edə bilməzdik. Şagirdlərin yerdəyişməsi elektronlaşdırılmamışdan əvvəl meydana çıxan narazılığı yalnız Təhsil Nazirliyinə şikayət daxil olduqda bilirdik.
Bəzən bu problemlərlə üzləşənlər heç müraciət etməyib və real vəziyyətlə bağlı məlumatımız olmurdu. Elektronlaşmadan sonra biz insanların problemlərini bilib, həll yollarını müzakirə edə bildik. Əlimizdə olan statistika bizə göstərdi ki, həll olunmayan və yaxud həlli gecikən məsələlərin sayı ümumi müraciətlərin sayının iki faizi qədərdir”.
C.Bayramov bildirib ki, proses yeni olduğu üçün problemin səbəbləri arasında direktorun səhlənkarlığı yer tutub:
“Direktor bu işi nəzarətə götürmədən bu işi texniki işçisinə həvalə edib, o da vəzifəsini düzgün başa düşməyib və ona görə də ləngimələr gedib. Onlara xəbərdarlıq olundu və məsələ öz həllini tapdı”.
“Elektron sistem bizə imkan verir ki, məsələnin mahiyyətini qısa müddətdə görə bilək. Sistemdə bir sıra təkmilləşdirmələr etdik. Sistem elektron olduğundan burada insan faktorunun müdaxiləsindən söhbət gedə bilməz”, - deyə nazir qeyd edib.
İlhamə Əbülfət