Yeni tədris ilində şagirdlərin qiymətləndirməsində yeniliklər olacaq.
Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu istiqamətdə yay aylarında araşdırmalar aparılıb:
“Şagirdlərin dərs yükü bizi narahat edən məsələdir. Yay ayları ərzində bu istiqamətdə işlər aparılıb. Yeni məktəb daxili qiymətləndirmə layihəsi hazırlanıb. Sabah bununla bağlı Təhsil Nazirliyində kollegiya iclası keçiriləcək. İclasın nəticəsinə əsasən məktəbdaxili qiymətləndirmədə bir sıra yeniliklər tətbiq ediləcək. Xüsusən ibtidai təhsil üzrə qiymətləndirmədə yeniliklər olacaq”.
Nazir bildirib ki, məktəblərin reytinqinin qiymətləndirməsində də yeniliklər gözlənilir:
“Bu məsələyə də sabah nazirlikdə keçiriləcək kollegiya iclasında baxılacaq. Bu sistemin bütün ölkə üzrə tətbiqinə maraqlıyıq. Bu reytinqdə yalnız akademik göstəricilər nəzərə alınmayacaq. İdarəetmə ilə bağlı qərarlar qəbul ediləndə məhz həmin reytinqin nəticələrini nəzərə alacağıq”.
Nazir məktəblərdə xüsusi günlər, bayram tədbirlərinin keçirilməsi ilə bağlı tövsiyələr verib:
“Məktəblərdə bayramlar, xüsusi günlərlə bağlı tədbirlər tədbir xatirinə keçirilməməlidir. Məktəb əmlakına xüsusi həssaslıqla yanaşılmalıdır. Əfsuslar olsun ki, bu istiqamətdə danışılası mövzular çoxdur. Ancaq hazırda bayram əhval ruhiyyəsini nəzərə alaraq çıxışımı bu istiqamətdə davam etmək istəmirəm. Sadəcə olaraq bunu mesaj kimi qəbul edin. Ümid edirəm ki, gələcəkdə uğurlarımız o qədər olacaq ki, həmin mövzuları müzakirə etməyə ehtiyac qalmayacaq”.
İlhamə Əbülfət
www.oxu.az
Rəylər