Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagird dərs prosesi zamanı özünü pis hiss edib.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Ceyranbatan 2 nömrəli tam orta ümumtəhsil məktəbindən açıqlama verilib.
Bildirilib ki, məsələ məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb və təcili yardım xidmətinə məlumat verilib:
"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, bu gün saat 15:50-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib, 8 nəfərə yerində yardım olunub".
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə 10 şagirdin zəhərlənməsi ilə bağlı məsələ üzərində araşdırma aparılır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, sözügedən məsələ AQTA tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır.
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub.
Onların popkorndan zəhərləndiyi iddia olunur.