Azərbaycanın U-15 millisi FIFA U-15 dünya çempionatı və festivalında növbəti mərhələyə vəsiqə uğrunda mübarizəni davam etdirir.
Oxu.Az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda bu gün Mozambik yığması ilə qarşılaşıb. Görüş millimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra Azərbaycan seçməsi növbəti mərhələdə Vyetnamla üz-üzə gələcək. Asiya təmsilçisi əvvəlki görüşdə Kubanı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, FIFA U-15 dünya çempionatında dünyanın 189 ölkəsindən üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Yarış çərçivəsində ümumilikdə 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.
Oktyabrın 30-dək davam edəcək turnir Hövsan Yarış Kompleksində keçirilir. Çempionatın final görüşü isə Bakı Kristal Zalında təşkil olunacaq.