Bu günlərdə sosial şəbəkələrdə pəhriz saxlayan və arıqlamaq üçün müxtəlif dərmanlar qəbul edən 18 yaşlı qızın ölüm xəbəri geniş müzakirə edilir. İlkin ehtimallara görə, qız evdə kömür tabletkası qəbul edib və ölüb. Bunun kimi yüzlərlə hadisəni misal gətirmək olar. Bu gün sürətlə çiçəklənən “dietoloq biznesi” can almağa davam edir. İnsanlar davamlı olaraq ac qalır, limonlu su və müxtəlif detokslar qəbul edirlər.
Bir neçə il əvvələ qədər ABŞ və bir sıra Avropa ölkələrində aparılan araşdırmalar zamanı arıqlamaq üçün istifadə olunan çoxsaylı preparatların tərkibində sağlamlığa ziyan vuran maddələr aşkarlandığı üçün onların satışına qadağa qoyulub. Həkimlər belə dərmanların infarkt və insult xəstəliklərinin inkişafına şərait yaratdığını bildirib.
Azərbaycanda sürətlə inkişaf edən “dietoloq biznesi” bu nüansları nəzər alırmı? Müxtəlif otlardan hazırlanan məhlullar ucbatından xeyli sayda insan dünyasını dəyişir. Buna kim cavab verməlidir? Azərbaycanda bu kimi dərmanlara nəzarət varmı? Müxtəlif arıqlama klubları isə hazırladıqları “təbii qarışımlar”ın tamamilə zərərsiz olduğunu iddia edir.
Oxu.Az olaraq bu məsələni araşdırmaq qərarına gəldik.
Bu və digər suallarımızı tibbi cəhətdən izah edən ekspert Adil Qeybulla deyir ki, bu kimi hallara səbəb dərman maddələrinin idxal dövriyyəsi qaydalarının pozulmasıdır:
“Aptek şəbəkələri, demək olar ki, istənilən dərman preparatlarını xəstəyə reseptsiz satır. Dərman maddələri bu sahədən anlayışı belə olmayan insanlar tərəfindən reklam olunur. Bu dəqiqə sizinlə danışarkən belə televizorda hansısa dərman preparatı reklam edilir. Həmin reklamlarda bu dərmanların “möcüzəvi” nəticələri haqqında bər-bəzəkli sözlər deyilir. Bu isə insanlara təsir edir.
Dərman maddəsi sabun deyil axı, onu reklam edələr. Bu məsələlər insanların psixologiyasına təsir edir. Artıq çəkidən əziyyət çəkən insanların psixoloji durumu o qədər zəif olur ki, bu kimi reklamlara tez aldanırlar. 18 yaşlı qızın kömürdən ölməsi bir qədər inandırıcı deyil. Çünki kömür bədəndəki toksiki maddələri özünə hopdurur və bədəndən xaric edir.
Ola bilər ki, o arıqlamaq üçün daha başqa dərmanar qəbul edib və onların fəsadları nəticəsində ölüb. Mən hesab edirəm ki, arıqlamaq istəyən insanlar bu işin peşəkarı olan həkimlərə müraciət etməlidir və sağlam şəkildə arıqlamalıdırlar. Bu kimi qanunsuzluqlara yol verən işbaz “həkimlər” buna görə məsuliyyət daşımalıdır”.
A.Qeybulla insanların fərqli orqanizmlərə sahib olduğunu vurğulayaraq qeyd edib ki, pəhriz təyin edən dietoloq insan orqanizmində hansı mikroelementlərin çatmadığını, hansı səbəbdən sürətli çəki artımının getdiyini müəyyən etməlidir:
“Savadlı dietoloq qidanı elə tənzimləyir ki, orqanizmə daxil olan qida ilə xaric edilən çəki balans təşkil edir. Belə olan halda bədəndə artıq yağlar yanmağa başlayır və sağlam arıqlama prosesi gedir. Əks təqdirdə qəbul edilən dərman preparatları müxtəlif orqanlarda ciddi fəsadlar yarada, ölümlə nəticələnə bilər.
Tez bir zamanda arıqlama istəyi insan orqanizmində ciddi fəsadlar törədə, hətta psixi dəyişikliklər yarada bilir. Arıqlama proqramlarında limon, darçın, alma, zəncəfil tərkibli müxtəlif detokslar hazırlanır. Bunlarda insanın orqanizminə görə təyin edilir. Məsələn, mədə turşuluğu çox olan insana birbaşa limonlu su təyin edilə bilməz. Bunları peşəkar həkim orqanizmin xüsusiyyətindən, kökəlməyin növündən, başqa xəstəliklərin olmasından asılı olaraq, analizlərlə, müayinələrlə yoxladıqdan sonra təyin edir.
Təəssüflər olsun ki, insanlar bir çox hallarda özləri dərman alıb istifadə edirlər. Çünki dərmanlar adi sabun kimi reklam olunur, insanlar da alır. Bizdə bunun nəticələri ilə bağlı xeyli problemlər yaşanır, lakin onun statistikası verilmir. Yəni ölən də, vəziyyəti ağırlaşan da, psixi xəstəliyə tutulan da olur. İnternetdən oxuduqları məlumatlarla sağlamlıqlarını riskə atırlar”.
Anoreksiya xəstəliyinə qədər aparan yanlış pəhrizlərdən danışan ekspert əlavə edib ki, mədə turşuluğu, həcmi azaldıqca iştah itir:
“İnsanda iştahanın reflektor itməsi anoreksiya xəstəliyinə gətirib çıxara bilir. Daha sonra bunu bərpa etmək kifayət qədər çətin olur. Qısa zamanda ciddi çəki atan insanlar özlərini təhlükəyə atır. Orqanizmə zəruri olan mikroelementlər daxil olmadıqda nəticə etibarilə bədəndə psixi dəyişikliklər baş verir. Sonda isə ağır xəstəliklər, ya da ölümlə nəticələnir”.
Dietoloq Ləman Süleymanova məsələyə münasibət bildirərkən, son dövrlər dietoloq adı altında fəaliyyət göstərən şəxslərin sayının artdığını dilə gətirib:
“Təəssüf ki, bir neçə ay kurs keçib özünü dietoloq kimi təqdim edən şəxslər insanların sağlamlığını riskə atmağa davam edir. Bu yaxınlarda Yevlaxda bir gənc qızın da arıqlamaq üçün qəbul etdiyi hansısa dərmandan dünyasını dəyişdiyini eşitdik. Mənə bir xanım müraciət etmişdi 12 yaşlı oğlu üçün. Daha əvvəl mənşəyi bilinməyən bir yerdə çalışan və özünü “dietoloq” kimi təqdim edən bir həkimin yanlış istiqamətləndirilməsi nəticəsində uşağın sağlamlığında ciddi problemlər yaranıb.
Ürək bulanması, qusma ilə həkimə müraciət ediblər. Məlum olub ki, qəbul etdiyi mənşəyi bilinməyən qarışıqlar qaraciyərdə, mədə-bağırsaq sistemində ciddi dəyişikliklər yaradıb. Xəstəxanada bir müddət müalicə alıb. Bu kimi hallar savadsız dietoloqların kortəbii təlimatlarının nəticəsidir”.
L.Süleymanova deyir ki, hər insan individualdır və onların qida rasionu orqanizmə uyğun tərtib edilməlidir:
“İnsanlar qısa zamanda çox çəki alır. Lakin bu, o demək deyil ki, insan ac qalmalıdır. Müəyyən bir müddət lazımdır ki, sağlam şəkildə bu çəkini atasan. Uzun illər yığılan çəkini bir anda atmaq sağlamlığa ciddi ziyan vura bilər. Bir insana pəhriz təyin etmək üçün ilk növbədə həmin insanın zəruri qan analizləri, USM müayinə, keçirdiyi xəstəlikləri yoxlanmalıdır, həmin insanın psixoloji durumu yoxlanmalıdır.
Ac qalmaqla pəhriz olmaz. İnsan orqanizminin tələb etdiyi mikroelementlər var ki, gün ərzində qəbul etdiyimiz qidaların tərkibində bunlar orqanizmə daxil olur. Kərə yağı, duz, ət, çörək və s. bütün bunlar hamısı yeyilməlidir. Biz, sadəcə, bu proqramı balanslaşdırırıq”.
Həkim qeyd edir ki, dərman preparatlarından qəti şəkildə istifadə etmək olmaz:
“İstənilən arıqlama dərmanlarının tərkibində asılılıq yaradan xüsusi narkotik maddələr var. Kokteyllərdən tutmuş digər preparatlara qədər hər birinin tərkibində bu maddə var və zamanla insan orqanizmini zəhərləyir.
Nəticədə, xərçəng xəstəliyi və ağlınıza gələcək ən qorxunc xəstəliklər, hətta ölümlə sonlana bilər. Heç yerdə qeyd edilməsə də, maddə “maxuan ephedra” adlanır. İnsan orqanizmində müxtəlif problemlər yaradır, xüsusilə də qadınlarda rast gəlinən bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bu məsələ araşdırılsa, görərsiniz ki, həmin qadınların 90 faizi bu arıqlama preparatlarından istifadə ediblər”.
Ümumilikdə son vaxtlar çoxsaylı dietoloqları efirlərdə ekspert kimi deyil, veriliş aparıcısı kimi də görürük. İnsanların sağlamlığının qorunması üçün yaradılan verilişlərə sahə həkimi aparıcılıq edərsə, burada obyektiv yanaşma bir qədər geridə qalır və xüsusilə şəxsi maraqların təbliği önə çəkilir. Bununla yanaşı bu məsələdə reklamların da böyük rolu var. Bəs görəsən məsuliyyət baxımından qanunvericilik bu kimi problemləri necə tənzimləyir?
Məsələnin hüquqi tərəflərini izah edən vəkil Zaman Səmədov deyir ki, reklamların bu məsələdə rolu böyük olsa da, təəssüf ki, məsuliyyətləri yoxdur. Onun sözlərinə görə, qanunsuz həkim kimi fəaliyyət göstərmək isə həm inzibatı, həm də cinayət məsuliyyəti yaradır:
“Əgər qanunsuz həkimlik fəaliyyəti ilə məşğul olan şəxs hər hasnı bir kəsə xəsarət dərəcəsi müəyyən edilməyən tərzdə ziyan vurubsa, bu halda məhkəmə tərəfindən İXM-nin müvafiq maddəsinə uyğun olaraq müəyyən məbləğdə cərimələnir. Yox, əgər qeyri-qanuni həkimlik fəaliyyəti göstərən şəxs hər hansı bir şəxs və ya şəxslərın sağlamlığına az ağır və ya ağır dərəcəli xəsarət yetiribsə, bu halda CM-nin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunur.
Həmin şəxs barədə azadlıqdan məhrumetmə ilə əlaqədar olan cəzaya alternativ olan digər cərimə metodları tətbiq edilir. Həmin şəxslərin reklamı ilə məşğul olan tərəflər, KİV isə qanunvericiliklə, təəssüf ki, heç bir məsuliyyət daşımır. Amma insanlar müraciət edən zaman həkimin ixtisasını, peşə səlahiyyətlərini bildiyinə dair hər hansı bir sənədlər tələb etməli, sağlamlıqlarını riskə atmamalıdırlar”.
Könül Cəfərli
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər