“CinemaPlus” premium kinoteatrlarında oktyabrın 1-dən 3-dək IV Azərbaycan Gənclər Film Festivalı keçirildi.
Kinoteatrdan Oxu.Az-a bildirilib ki, festivalda Azərbaycan iştirakçılarının filmləri, eləcə də, Avropa və ABŞ filmləri nümayiş olunub. Bununla yanaşı, xüsusi film təqdimatları, xarici rejissorlarla sual-cavab sessiyası təqdim olunub. Festivalın “Öz hekayəni paylaş” mövzusu əsasında Azərbaycanlı iştirakçılar tərəfindən göndərilən 40-dan çox film nümayiş etdirilib. Filmlərin sırasında Bakıdan və həmçinin regionlardan göndərilən filmlər də olub.
Festivalın açılışı “CinemaPlus Gənclik Mall” kinoteatrında furşet və “Ahmedowsky Trio” qrupunun canlı musiqi ifası ilə baş tutub.
Festivalın təsisçisi və təşkilatçısı Michael Raybourne, ABŞ Səfirliyinin nümayəndəsi Fərqani Əliyev, rejissor Samir Kərimoğlu və xüsusi qonaq Pablo Mahave öz qısa çıxışları ilə festivalı açıq elan ediblər.
Daha sonra ABŞ rejissorları tərəfindən çəkilmiş qaçqın və məcburi köçkünlər haqqında “Salam Neighbour” adlı sənədli film və məcburi köçkün olan rejissor Fridun Coindanın filmləri nümayiş olunub. İlk günün yekunu olaraq Fridun Coinda canlı videobağlantı vasitəsi ilə tədbir iştirakçılarının sualları cavablandırılıb.
Festivalın ikinci günü “CinemaPlus Azərbaycan” kinoteatrında Azərbaycanın gənc rejissorları tərəfindən lentə alınmış 40-a yaxın film nümayiş olundu. Ardınca Gürcüstandan olan 2 qısametrajlı film təqdim olundu. Nümayiş olunan filmlərdən birinin rejissoru Tamta Gabrichidze auditoriyanın suallarına cavab verib və öz təcrübəsini paylaşıb. Eləcə də Pablo Mahave “Virtual reallığın sənədli filmlərdə istifadəsi” ilə bağlı təqdimat edib və qonaqların suallarını cavablandırıb.
Festivalın axırıncı günü “CinemaPlus Gənclik Mall” kinoteatrında qalib gələn filmlər nümayiş olunub və mükafatlandırma mərasimi keçirilib. Festivalda iştirak edən bütün iştirakçılar da sertifikatla təmin olunub. 1,2 və 3-cü yerlərin qaliblərinə isə hədiyyələr təqdim olunub. “CinemaPlus” kinoteatrlar şəbəkəsinin direktor müavini və “Cinemazadeh” dublyaj studiyasının direktoru Cəfər Axundzadə qalibləri mükafatlandırıb.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman xoş sürprizlər etməyə və kino dünyasının ən yaxşı premyeraları ilə sizi sevindirməyə hazırdır.